Sənin niyyətin sənin dəyərindir.

13 Aralık 2014
1 474
0
Sənin niyyətin sənin dəyərindir.
Sənin niyyətin sənin dəyərindir.

Neçə yaxşılıq eləmisən, elədiyin neçə yaxşılığı dilə gətirmədən unutmağı bacarmısan?

İnsanlardan gizləyə bilmisənmi? “Allah bilir və bu, mənüm üçün kifayətdir” deyə bilmisənmi? Bu suallara cavab tapmaq özünü tanımaqdır.

Hərənin niyyəti bir ünvana yönəlib, hər kəs bir yerdən təmənna umur. Hər işin, hər əməlin altında da bilib-bilmədiyimiz niyyətlər durur. “Duanız olmasa, Allah-Təala sizlərə nəyə görə dəyər verərdi?” - buyurulur. Demək, hər kəsin duası elə öz dəyərinin ifadəsidir, öz niyyətidir. Dua niyyətin ünvanını göstərir. Hər kəs duasında Allahından niyyətini istəyər. Hər əməlin altında niyyət var, niyyətsiz əməl olmaz. Mərhəməti sonsuz olan Allah-Təala da bəndələrinə onların niyyətinə görə dəyər, qarşılıq verər.

***

Adam var ki, hər işi özünü ona-buna göstərmək üçündür, danışığı da elədir, yaxşılığı da, geyim-kecimi də. Belələri hər şeyi “filankəs nə deyər?” prinsipi ilə yerinə yetirir. Yaxşı bir söz deyəndən, ya bir iş görəndən sonra da altdan-altdan adamların üzünə baxar ki, görsün məmnun qalıblar, ya yox. Onun-bunun xatirinə, onun-bunun acığına danışarlar, iş görərlər, yaşayarlar belələri.

Namazı da ona-buna göstərmək üçün qılan tapılar. Niyyətində yönünü Allaha çevirib, fikrində işi keçən insanları düşünən beləsinin namazı da saxtadır, şirkdir, yəni Allaha şərik qoşmaqdır. Bir hədisi-şərifdə Rəsulullah (s.ə.s.) səhabələrinə belə buyurur: “Sizin haqqınızda ən çox qorxduğum şey kiçik şirkdir”, - buyurur. “Kiçik şirk nədir, ya Rəsulullah?” sualına da belə cavab verir: “Riya”.

***

Birisi namaz qılırmış, amma tələsirmiş, istəyirmiş ki, tez qurtarıb işinin dalınca getsin. Bu zaman bir başqası da gəlir və namaza hazırlaşır. Namaz qılan gələni görən kimi qıldığı namazın ritmini dəyişir, tələsmir, arxayın-arxayın qılmağa başlayır. Gələn adam da ürəyində deyir ki, maşallah, nə gözəl namaz qılır. Amma heç bilmir ki, bir dəqiqə əvvəl qıldığı namaz bu gördüyündən çox fərqli idi.

Bu mənzərəni düşünəndə bilmirsən ağlayasan, ya güləsən. Bu da nəsibsizliyin, cəhalətin çox fərqli, həm də çox qəribə bir görüntüsüdür: üzünü Allaha çevirirsən, amma özünü ətrafa görə tənzimləyirsən; namazı Allah üçün qıldığını deyirsən, amma Allah qarşısında durduğuna görə deyil, yanındakına xoş gəlmək üçün ritmini dəyişirsən, “niyyətim Allahın rizasını qazanmaqdır” deyirsən, amma bəndənin rizasını istəyirsən... Ah zavallım...

***

Böyük şirk Allaha şərik qoşmaqdır, bu, həm də ən böyuk günahdır. Kiçik şirk, yəni riya isə bir qədər irəlidə dediyimiz kimi, əməllərini başqalarına göstəriş üçün yerinə yetirməkdir. Elə namaz mövzusu üzərində duraq və bu ülvi ibadətin hansı niyyətlərə və necə alət olduğuna diqqət yetirək. Hər şeydən əvvəl onu deyək ki, namaz Allah rizası üçün qılınar və Cənabi-Haqqın verdiyi nemətlərə qarşı şükrün ən gözəl ifadəsidir. Bəli, Allah-Təala bizə sonsuz sayda nemətlər verib, həyat verib, sağlam mühit verib, duyğular verib, anlamaq, sevmək qabiliyyəti verib, ibadət, itaət imkanı verib... və bir də Onu tanımaq, sevmək, onun mərhəmətindən mərhum olmaq qorxusu verib.

***

Mövlananın məşhur məsəllərindən birində deyilir ki, gözləri görməyən, yerindən tərpənə bilməyən, əli tutmayan, insanların qayğısına möhtac birisi belə dua edirmiş: “Ey padşahlara, sultanlara vermədiyi nemətləri bu bəndəsinə verən Allahım, sənə yer üzündəki bütün qum dənələrinin, bütün ağacların yarpaqlarının, bütün yağmur damlalarının sayı ədədincə sükürlər olsun!” Yanından ötənlər qarşısındakı yeməyi ağzına apara bilməyəcək qədər aciz bir insanın bu qədər iddialı və məmnun duasından təəccüblənir və soruşurlar: “Padşahlara, sultanlara verilməmiş və səni xoşbəxt edən o nemət nədir, qardaşım, de, biz də bilək”. Həmin şəxs də belə cavab verir:”Allah-Təala mənə Onu tanımaq qabiliyyəti verib, Onu sevmək duyğusu verib, bütün bu yaşadıqlarımın ötəri bir sınaq olduğunu anlamaq şüuru verib, bu halım ilə Ona şükür etmək şövqü verib, siz heç bunların nə qədər misilsiz bir nemət olduğunu anlayırsınızmı?”

***

Yol üstündə insanların qayğısına möhtac halda oturan o kor adam əslində dünyanın ən zəngin adamı idi. Bunu da Mövlana deyir, ardınca da onu əlavə edir ki, zənginlik dünya nemətləri ilə deyil, anlamaqladır, sevməklədir.

Anlayan insan, inanmış, təslim olmuş insan hər dəfə Kəbə səmtinə yönəlib “Allahu Əkbər” deyəndə əslində dünyadan sıyrılıb çıxmış olur. Təkbir namazın açarı, girişidir, yəni əlləri qulaq uclarına söykəyib “Allahu Əkbər” demək “dünyanı arxama atdım, Allahımın hüzurunda əmrə müntəzir dayandım” deməkdir. Namaz Allah-Təalanın biz bəndələrinə bir lütfüdür. Allahın lütf etdiyi şeylərlə Onun hüzurundə durma və Ona şükran vəzifəsini yerinə yetirərkən Haqqı unudub, xalqı diqqətə almaq, başqalarına görünmək, xoş gəlmək duyğusu nə qədər dəhşətli bir bəsirətsizlik, bədbəxtlikdir. Riya dediyin də elə budur: bir səmtə yönəlirsən, fikrin, diqqətin, niyyətin başqa səmtdə olur.

***

Xoşbəxt olmaq, iki cahan səadətinə qovuşmaq hər kəsin arzusudur. Amma riyadan uzaq durmaq hər kəsin bacardığı iş deyil. Özünü sınağa çək: başqalarına yaxşılıq elə və kimsəyə də bildirmə, heç yaxşılıq etdiyin adam özü də bu yaxşılıqların səndən gəldiyini bilməsin. Düstur “Allah bildisə, yetər” - deyilmi? Daha insanların bilib-bilməməsinin nə mənası var? Onda niyə başqalarının xoşuna gəlmək istəyirsən? Əslində bu məqam sənin özünü tanımağın üçün ən gözəl fürsətdir. Əgər elədiyin yaxşılığı unuda bilirsənsə, içindən bir güc “de, hamı bilsin” deyə səni qızışdıranda o səsi boğa bilirsənsə, demək, sən kifayət qədər yetkin adamsan, yox, əgər o səsə təslim olursansa, müflis olursan, şeytan əlindəkiləri heçə-puça çıxarır.

***

İmam Zeynəlabidin Haqqın rəhmətinə qovuşur və onun mübarək nəşini yuyan mürdəşir çiynində və kürəyindəki yağırı görüb ağlayır. Onun ağlamağının səbəbi də bu olur ki, camaatın çoxdan axtardığı sualın cavabını o indi tapmışdı. İllərdən bəri kasıbların qapısına gecələr ərzaq daşıyan imam imiş. Bu mübarək zat Haqqın rəhmətinə qovuşandan sonra kasıblar səhər qapılarının ağzını boş gördülər.

***

Biri sənə haqsızlıq edir və sən əhəmiyyət vermirsən. Aradan bir müddət keçir və o, haqsız olduğunu öyrənir, üzrxahlıq üçün sənin yanına gəlir. Sakit, heç bir şey olmamış kimi qarşılayırsan, adam bir az da təəccüblənir. “Niyə o zaman mənimlə dalaşmadın, haqqını müdafiə etmədin?” - soruşur. Yenə sakitsən, həyəcansızsan, ləpəsiz dərya kimisən. “Mən səni çoxdan bağışlamışam, o söhbəti də unutmuşam”, - deyirsən. Adam heyrətə gəlir. Səndəki bu gücün, səbrin, bu əzəmətin kökünü, mənbəyini öyrənmək istəyir. Sən də sakitcə: “Mən bu dünyanı bu dünyanın arşını ilə ölçmürəm”, - deyirsən. Bəlkə, heç bu sözü də demirsən, çünki hal əhli, arif olanlar özünü tanıtmağı, içini başqalarına göstərməyi sevməzlər. Amma qarşındakı adam artıq qapının ağzına qədər gəlib, gerçəkləri hiss eləyir, bu dünyada bu dünyadan gəlməyən qoxuları almağa başlayıb. Bu elə bir məqam, elə bir ucalıqdır ki, o atmosferdə yaşayanlar danışmırlar, danışanlar o atmosferi bilməyənlər, o ucalığı yaşamayanlardır.

***

Böyüklük nədir, bilirsənmi? - elədiyi yaxşılıqları dilə gətirmədən unutmaq. Neçə yaxşılıq eləmisən, elədiyin neçə yaxşılığı dilə gətirmədən unutmağı bacarmısan? İnsanlardan gizləyə bilmisənmi? “Allah bilir və bu, mənüm üçün kifayətdir” deyə bilmisənmi?

Bu suallara cavab tapmaq özünü tanımaqdır. Özünü tanımağın yolu bu cavablardan keçir. Çünki o yolun adı niyyətdir, niyyət insanın həm duasıdır, həm yoludur, həm də varacağı son mənzilidir. Allah yolumuzu uğurlu, varacağımız mənzili abad eləsin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.