Kölgə...

14 Ocak 2015
1 630
0
Kölgə...
Kölgə...

Qarışıb səsinə addımlarının,
İzlədim küçəniz boyunca səni.
Əllərim yetmədi,qoy heç olmasa,
Kölgəm qucaqlasın doyunca səni.


O görüş səninlə son görüş idi
Ayrıldım səninlə,səndən xəbərsiz.
Sən rahat yoluna davam edirdin
Dumandan xəbərsiz,çəndən xəbərsiz.


Bilirdim,səslənən hər tıqqıltıda,
Ayrılıq nəğməsi oxunur mənə.
Üzümə xəfifcə meh toxunanda,
Sanırdım nəfəsin toxunur mənə.


Qurumuş ağacdan yarpaq yerinə,
Həsrət tökülürdü budaqlarından.
Mən isə kölgənə təmas edərək,
Öpürdüm ehmalca dodaqlarından.


Küçənin sükutun pozan yerişin
Çəkirdi günahsız dara kölgəmi.
Sanki həzz alırdın,xoşun gəlirdi,
Ayağın əzəndə qara kölgəmi.


Ritminə düşmüşdü qəlbimin səsi,
Heç də seçilmirdi ayaq səsindən.
Bütün vücudunu gəzən gözlərim
Az qala çıxırdı hədəqəsindən.


Küçəniz boyunca sürünən kölgəm,
Son dəfə səninlə birə-bir idi.
Küçənin sonunda gözdən itməyin,
Mənimçün ölümə bərabər idi.


Qarışıb səsinə addımlarının
İzlədim küçəniz boyunca səni.
Əllərim yetmədi,qoy heç olmasa,
Kölgəm qucaqlasın doyunca səni.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.