Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?

28 Ocak 2015
1 871
0
Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?
Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?


Ekspertlər yaxın dövr üçün kreditlərin həcminin daha da artacağını proqnozlaşdırırlar

Ölkə əhalisinin banklara olan borcu ekspertləri narahat edir. Əksər ekspertlər bildirirlər ki, borclanma vətəndaşı təzyiq, cəmiyyəti basqı altında saxlama vasitəsidir. Onların fikrincə, borcu olan vətəndaşın ictimai və sosial fəallığı azalır, ölkədəki proseslərə diqqət ayırmaq istəmir. Ancaq ekspertlərin bu mövzuda fikirləri fərqlənir.

Ekspert Natiq Cəfərlinin sözlərinə görə, belə bir nəzəriyyə digər ölkələrdə də mövcuddur: “Bu, tək Azərbaycana aid bir məsələ deyil. Bir çox ölkələrdə, hətta Türkiyədə də bu barədə ciddi müzakirələr gedir. Onların ana müxalifət partiyası, digər müxalifət partiyaları, ekspertlər, yazarlar çox ciddi şəkildə bu məsələni müzakirə edirlər. Yəni bildirilir ki, hökumət bütün əhalini “kredit iynəsi”nə otuzdurub və siyasətdən aralamaq yolunu tutub. İnsanlar ancaq işləyib, qazanıb, kreditlərini ödəmək haqqında düşünürlər. Ölkədə olan prosesləri diqqətlə izləmirlər. Yəni belə bir nəzəriyyə var. Ola bilər ki, Azərbaycanda da belə bir yol tutulub. Hazırda Azərbaycanda problem ondan ibarətdir ki, bank sektoru çox kiçik və kövrək bir sektordur. Artıq rəsmi rəqəmlərə görə, 1 milyard manatdan artıq toksik kreditlər var. Yəni banklarda geri qaytarılması mümkün olmayan kredit portfeli mövcuddur. Bu, çox böyük bir məbləğdir. Azərbaycan kimi kiçik dövlətin kiçik bank sektoruna çox böyük çətinliklər yarada bilən bir məbləğdir. Əgər bu, düşünülmüş siyasət olsa belə, bunun özündə də Azərbaycandakı hökumətin önəm verdiyi stabilliyə ciddi təsirlər törədən elementlər var. Ən azından bank sektorunda getdikcə bu problemlər artır. Bank sektorunda çöküş baş versə, bu, bütün ölkələrin iqtisadiyyatına yayıla bilər. Bu isə ümumiyyətlə, ölkədə sosial vəziyyəti kəskin şəkildə pisləşdirə bilər. Yəni bankların batması, həm də əmanətçilərlə problemlərə gətirib, çıxara bilər. Yəni düşünülmüş siyasət varsa, yaxın gələcəkdə biz bunun fəsadlarını da görə bilərik. Çünki toksik kreditlərin, yəni geri qayıtmayan kreditlərin həcmi artdıqca bank sektoruna basqı artacaq. Bank sektorunda hər hansı bir çöküş olsa, bu, ümumiyyətlə sosial gərginliyi həddindən artıq yüksək səviyyəyə çatdıra bilər. Çünki bu günün özündə belə, beş çox kiçik bankın bağlanacağı haqqında məlumatların dolaşması insanlarda gərginlik yaradır. Bu, gələcəkdə hansısa digər banklarda da belə problemlərin yaşana biləcəyi ehtimalını yüksəldir. Ona görə də bu tipli məlumatlar və bu tipli siyasət heç də həmişə gözlənilən nəticələri vermir. Bunun hökumət üçün dırnaqarası müsbət cəhətləri olsa belə, mənfi cəhətləri də var. Hətta getdikcə bu mənfi cəhətlər daha ağırlaşmağa başlayacaq”.

Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?

Ekspert Qubad İbadoğlu isə bildirir ki, yaxın dövr üçün kreditlərin həcminin daha da artması gözlənilir: “Düşünmürəm ki, bu, cəmiyyəti asılı vəziyyətdə saxlamaqdır. Çünki demokratik cəmiyyətlərdə də, məsələn ABŞ-da da belə kredit borcları kifayət qədər çoxdur. Çünki həm sahibkarlar, həm də ev təsərrüfatları, adətən, bankların kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Kredit qoyuluşları kifayət qədər yüksəkdir. Azərbaycanda bir çox banklar öz səhv siyasətlərinin nəticəsində kreditlərin həcmini artırır. Bu, təhlükəli tendensiyanı formalaşdıra bilər. Krediti götürən şəxsin banklara tarixçəsi var, banklar buna nəzər salmır. Hətta on banka kredit borcu olan şəxsə 11-ci bank da kredit verir. ABŞ-da, Avropada banklar buna heç vaxt yol vermirlər. Onlar kredit tarixçəsi əsasında qərar qəbul edirlər. Təəssüflər olsun ki, bizdə kredit götürənlərin tarixçəsi olmasına baxmayaraq, yenə də banklar bu kreditləri çox böyük həvəslər ayırırlar. Krediti götürən adamlar da bir bankdan alıb, digər bankın kredit borcunu bağlayırlar. Bu da piramida effekti yaradır. Nə vaxtsa bu, ciddi şəkildə krediti qaytarmaq sahəsində problemlərin qabarıq formada ortalığa çıxmasına səbəb olacaq. Bu baxımdan, kifayət qədər böyük məbləğlərdə, milyardlarla istifadə olunan kreditlərin hesabına vətəndaşların borclu qalması məsələnin iqtisadi tərəfidir. Məsələnin siyasi tərəfinə gəlincə isə, təbii ki, krediti olan insanlar asılı vəziyyətdədirlər. Ancaq burada bankların məqsədləri korporativ məqsədlərdir. Amma onu demək istəyirəm ki, Rusiyadakı vəziyyət və neftin ucuzlaşması səbəbindən investisiyaların maliyyələşdirilməsinin azaldılması və yaxud kəsilməsi son nəticədə əhalinin özünün də sərbəst maliyyələşməsinə gətirib, çıxaracaq. Bu problem getdikcə şiddətlənəcək və kreditlərin həcmi, həmçinin geri qaytarılmayan kreditlərin ümumi kredit portfelində payı sürətlə artacaq. Bu, gələcəkdə sosial gərginliyə gətirib, çıxara bilər. Bununla bağlı Azərbaycan hökuməti və Mərkəzi Bankı narahatdır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği artıb. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.