Azərbaycanda əcnəbi dildə reklam lövhələri yığışdırılacaq
Azərbaycanda əcnəbi dildə reklam lövhələri yığışdırılacaq.
Bununla bağlı Milli Məclis qanun layihəsi hazırlayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov AzNews.az-a açıqlamasında yeni qəbul olunacaq “Reklam haqqında qanunda” xarici dildə yayımlanan reklamların qadağan olunacağını təsdiqləyib. Deputatın sözlərinə görə, ana dilində olmayan reklam lövhələrinin paytaxt küçələrindən yığışdırılacaq:
“Reklam haqqında qanun 1997-ci ildə qəbul olunub. Həmin qanunun qəbulundan 17 il keçir. Bu müddət ərzində Azərbaycanın iqtisadi-siyasi həyatında, iqtisadiyyatında çox böyük dəyişikliklər baş verib. Odur ki, biz də yeni reklam haqqında qanun hazırlamışıq. Dünən komitənin iclasında qəbul olundu və Milli Məclisin plenar iclasına tövsiyyə olundu. Onu da deyim ki, yeni qanun köhnəsindən 70% fərqlənir. Əsas müddəalardan biri də dillə əlaqədardır. Yəni Azərbaycan dili reklamda əsas dil kimi istifadə olunacaq”.
Qanunda istisna halların olacağını da deyən V.Əhmədov “Mercedes”, “Toyoto”, “Chanel” kimi brendlərin adlarından istifadə olunacağını söylədi: “Ola bilər ki, bernd malların adlarından istifadə olunsun. Lakin başqa qalan yerlərdə Azərbaycan dilindən istifadə olunması vacib olacaq. O cümlədən mədəni məsələlərin də öz əksini tapdığı qanunda çılpaq reklamların da yayımlanmasına qadağa qoyulacaq”.
Qanunun qəbulundan sonra əcnəbi dildə reklam yayımlanacağı halda müvafiq sanksiyaların olacağını deyən millət vəkilinin sözlərinə görə, bununla bağlı dövlət nəzarəti və ictimai nəzarət qanunda ayrı-ayrı maddələr kimi öz əksini tapacaq.
Qeyd edək ki, əcnəbi sözlərlə bağlı problemi bir müddət öncə Azərbaycan Dil Qurumu qaldırmışdı. Təşkilat bununla bağlı müvafiq qurumlara, o cümlədə Milli Məclisə müraciət etmiş, problemi aradan qaldırmaq üçün təkliflər göndərmişdi.
Redakta etdi:ALiYeVa