İxtisas Seçimi Necə Aparılmalıdır?

03 Ağustos 2016
1 466
0
İxtisas Seçimi Necə Aparılmalıdır?
Tələbə adını qazınmış hər bir kəs üçün həyatının həlledici məqamlarından biri ixtisas seçimidir. İnsanların həyat hekayətlərini müşahidə edərkən işgüzar sahədə uğur qazananlar arasında məktəbdə pis oxuyanları və əksinə, ən aşağı vəzifələrdə məktəbi əla qiymətlərlə bitirənləri də görmək olar.

Belə ki, gələcəyin gərəkli kadrının yetişdirilməsi üçün sadəcə savad kifayət etmir, hər kəs özünə uyğun və tələb olunan ixtisasları seçməlidir. Bu səbəbdən abituriyentlər, əlbəttə ki, valideynləri də ixtisas seçimi mərhələsinə diqqətlə yanaşmalıdır.

Ali məktəblərə qəbul imtahanları başa çatıb. Tələbə adını qazananlar artıq sabahdan etibarən ixtisas seçiminə başlayacaqlar. Bəs ixtisas seçimini necə etməli? Abituriyentlər, valideynləri bu prosesdə nəyə diqqət verməlidirlər?

Feat.Az xəbər verir ki, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin "Ekspress"ə bildirdiyinə görə, abituriyentlər tərəfindən ixtisas seçiminin ümumi tələbləri var. Belə ki, txtisas seçimində birinci növbədə abituriyentin seçəcəyi ixtisasa marağı olmalıdır. "Jurnalist olmaq istəyən adam təsadüfən jurnalist ixtisasına düşsə, yaxşı yaza bilməz. Mütləq ona meyli olmalıdır. İstək və arzu ilə yanaşı abituriyentin qabiliyyətli olması da əsasdır. Məsələn, insan var ki, rəssam olmaq istəyir, uşaqlıqdan fiqurlarla oynayır, rəsmlər çəkir və s. Onda bu istiqamətə maraq olur. Qabiliyyət insanın ümumtəhsil sahəsində formalaşır. İnsanın daxilindən gəlir".

Ə.Ağayevin dediyinə görə, üçüncüsü sosial amillərdir: "Valideynlər övladlarının seçəcəyi ixtisasla bağlı hansı sosial problemlərin yaranacağını nəzərə almalıdırlar. Ödənişlidirsə, ödəniş haqqını verə biləcəkmi? Hansı ali məktəb daha yaxşı kadr yetişdirəcək? Xarici ölkədə, yoxsa burda təhsil almaq istəyəcək? Bunlarla yanaşı abituriyent həm universitet şəraitini, universitetdəki mühiti, tələbə-müəllim münasibətlərini də nəzərə almalıdır".
Həmsöhbətimicə görə, digər əsas amillərdən biri abituriyentin seçəcəyi ixtisas üzrə gələcəkdə iş tapa bilməsidir. "Ali təhsil müəssisəsini bitirəndən sonra iş tapa biləcəkmi? Ona görə də, tələbat olan ixtisası seçmək lazımdır. Qabiliyyəti olan kəs qabiliyyətini müəyyən isiqamətlərə yönəldə bilir. Məsələn, təyyarəçi olmaq istəyən tank da, kosmik gəmi də sürə bilər. Bu cəhətlər öncədən düşünülməlidir. Abituriyent seçimə diqqətlə yanaşmalıdır".
Ağayev vurğulayıb ki, ixtisas seçimində abituriyentin özünə inamı böyük rol oynayır: "Gənc özünə və getdiyi yola inanmalıdır. Özünü ruhlandırmalıdır ki, mən hədəfə çatacağam, mütəxəssis olacağam, öz yaxşı qabiliyyətimlə iş tapa biləcəyəm. Özünü ixtisas seçimi prosesinə psixoloji hazırlamalıdır. Bu sadalanan məsələlər dəqiq nəzərə alınarsa, sonradan peşmançılıq olmaz".

Ekspertin fikrincə, ixtisaslarını düzgün seçmədiyi üçün təhsillərini yarımçıq qoyan tələbələr də az olmur: "Mən tibb universitetindən tələbələrin 2-ci kursdan təhsillərini yarımçıq qoyub başqa ixtisas üzrə təhsil aldığının şahidiyəm. Adətən belə tələbələr ixtisası düzgün seçmədiyini bildirirlər. Məsələn, deyir ki, ölülərə, yaralılara, xəstələrə baxa bilmirəm. Təbiətində həmin ixtisasa qarşı əks mövqe var. Eləcə də, hər hansı ixtisası seçirsə, həmin sahədə çəkdiyi əmək ona zövq verməlidir" deyən Təhsil Şurasının sədri bildirir ki, valideynlər övladlarını sevmədiyi, meyli olmadığı bir ixtisasa yönəldirsə, bu yaxşı nəticə vermir. Onun sözlərinə görə, həmin ixtisas üzrə işləsə də, işindən zövq almır. "Çünki işdə təkcə işləmək deyil, işdən zövq almaq da vacibdir".

Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov bildirir ki, ixtisas seçimi tələbənin özündən yox, topladığı baldan asılıdır. "Məsələn, kimsə hüquqşünas olmaq istəyir. Amma onun balı hüquq fakültəsinə çatmadığından tarixçi olur. Və ya həkim olmaq istəyir, balı çatmadığı üçün biologiya müəllimi üzrə fakültəyə düşür və s.",- deyən N.İsrafilov hesab edir ki, ixtisas seçimində tələbənin arzu, istəkləri mövcud qaydalarla uzlaşmır.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda artıq bu məsələlərə xüsusi diqqət yetirilir. "Universitetlərə gələcəkdə elmi, maliyyə, pedoqoji muxtariyyət veriləcək. Artıq tələbələri TQDK və ya Dövlət İmtahan Mərkəzi deyil, universitetlər özləri seçəcək. Bir çox nüfuzlu xarici təhsil müəssisələrində də belədir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.