Toyuq şorbası, sarımsaq soyuqdəymənin qarşısını doğrudan da alırmı?

27 Aralık 2018
799
0
Toyuq şorbası, sarımsaq soyuqdəymənin qarşısını doğrudan da alırmı?
Soyuqdəymənin bəzi ümumi sağalma təcrübələri var, hərçənd bu xəstəliyə 200-dək virus ştammı səbəb olur. Digər tərəfdən soyuqdəyməyə elə bu qədər də "ev müalicəsi" və ya "türkəçarə" mövcuddur.

Lakin bu "çarələr" nə dərəcədə effektlidir?


Ev müalicələrinin hamısının əsasında bizim immun sistemimizin gücləndirilməsi ideyası dayanır. Virus orqanizmimizə daxil olanda iki müdafiə sistemi ilə üzləşir: Anadangəlmə immun sistemimiz virusları yuyub bayıra çıxarmağa çalışır. Lakin adaptiv sistem, orqanizmin əvvəllər rastlaşdığı patogenləri hədəfləyir və yeniləri üçün yaddaş hüceyrələri hazırlayır ki, orqanizm gələn dəfə onları da tanıya bilsin.

Buna görə də biz suçiçəyinə bircə dəfə yoluxsaq da, tez-tez qiyafəsini dəyişən soyuqdəymə viruslarına dəfələrlə yoluxuruq.

Bu da məlumdur ki, həm həyat tərzi vərdişlərimizin, həm də qidalanmamızın immun sistemimizin möhkəməliyinə təsiri var.

London İmperiya Kollecinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Charles Bangham deyir ki, müəyyən vitamin və mineralların çatışmazlığı da immun sistemini zəiflədə bilər. Amma hər zaman nisbətən yaxşı qidalanması olan adamlara soyuqdəyməni götürən hansısa başqa yeməklər çətin ki, kömək etsin:

"Yalnız vitaminlərin, sink və ya dəmir kimi elementlərin çatışmazlığı olduğu hallarda qidaya bunların əlavə edilməsi köməklik edə bilər. Lakin əgər bütün bunların qəbulu sizin normal qidalanmanıza daxildirsə, qida əlavələrinin qəbulu immun sistemini olduğundan daha yaxşı etməyəcək".

Qida əlavələri

Belə olsa da, ümumi soyuqdəyməni araşdıran tədqiqatlar qida əlavələrinin təsir gücünə malik olduğunu göstərir.

Bu tədqiqatların əksəriyyətinin diqqəti qidadan daha çox, qida əlavəsinə yönəlib.

Bu baxımdan toyuq şorbasının soyuqdəyməni sağaltmasına dair elmi dəlillər yoxdur.

Lakin bunların arasında effektivliyi şübhə doğurmayan vasitə sarımsaqdır.

Qış fəslində aparılmış bir araşdrıma zamanı 146 sağlam adama 12 həftə ərzində gündəlik qaydada plasebo və ya sarımsaq veriblər.

Bir kiçik tədqiqat soyuqdəymə zamanı sarımsağın plasebodan daha güclü vasitə olduğunu göstərib

Plasebo qrupunda olanlara 65 dəfə soyuq dəyib və bunun nəticəsində 366 gün xəstəlik dövrü yaşanıb.

Lakin sarımsaq yeyənlərə 24 dəfə soyuq dəyib və bu 111 gün xəstəlik müddəti ilə nəticələnib.

Adamların soyuqdəymə zamanı müraciət etdikləri əsas qida əlavələrindən biri də C vitaminidir. Bəzi tədqiqatlar C vitamininin soyuqdəymə zamanı müalicəyə kömək etdiyini göstərsə də, bu kömək elə də böyük deyil.

C vitamininin qəbulunu araşdıran 29 tədqiqatın nəticələrində məlum olub ki, onun soyuqdəymədən müdafiə üçün elə də böyük effekti yoxdur.

Amma bir araşdırmaya görə C vitamininin qəbulu uşaqların 14 faizində soyuqdəymə müddətinin qısalmasında rol oynayıb. Böyüklərdə bu rəqəm 8 faiz olub.

Alimlər belə bir nəticəyə gəliblər ki, C vitamininin ziyanı olmadığından onu hər bir kəs öz üzərində sınaqdan keçirə bilər.

Portağal şirəsi müalicəvi və ya profilaktik qida kimi o qədər də güclü deyil.

Helsinki Universitetindən Harri Hemilä-nın fikrincə portağal şirəsinin soyuqdəymənin qarşısını aldığına dair sanballı elmi dəlillər yoxdur. O deyir ki, bu, bəlkə də portağalda C vitamininin miqdarının elə də çox olmaması ilə bağldır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə bir kiçik şüşəyə doldurulmuş portağal şirəsindəki C vitamininin miqdarı 72 milliqramdır.

Gündəlik minimum normanın 40 milliqram olması nəzərə alınarsa, bu, elə də az deyil, lakin başqa qida əlavələrinə baxanda xeyli azdır.

Portağal şirəsi çətin ki, soyuqdəymədən qoruya bilsin

Bir də sink var. Bir elmi araşdırma göstərib ki, sink asetatının adi soyuqdəymə zamanı gündəlik qəbulu burun axmasının və tutulmasının müddətini üç dəfə qısaldıb, asqırmaları 22 faiz, öskürməni isə 50 faiz azaldıb.

Lakin araşdırma bunu da göstərib ki, sink asetatının effektli olması üçün onun qəbuluna soyuqdəymə simptomlarının ilk 24 saatı zamanı başlamalı və günə 80 milliqramlıq dozada çeynəmə həbləri qəbul edilməlidir.

Amma Hemilä bu qənaətdədir ki, diqqəti simptomların yox, soyqudəymənin sağalma müddətinə yönəltmək lazımdır.

Onun fikrincə bir çox tədqiqatlar zamanı təcrübələrdə iştirak edənlər müalicəni simptomların azalması ilə yarımçıq dayandırırlar. Onun 199 pesiyentlə apardığı təcrübə göstərib ki, sink həbləri qəbul edənlərdə soyuqdəymə üç dəfə tez sağalır.

Çox vaxt alimlər deyirlər ki, vitamin və mineralları qidalarla birlikdə qəbul etmək lazımdır.

Sink həbləri soyuqdəymə simptomlarının ilk 24 saatı ərzində qəbul edilərsə ağrının təsirini xeyli azalda bilər

Amma burada, məsələn C vitamininin qəbulu zamanı bir təhlükə yarana bilər. C vitaminini qida ilə birlikdə qəbul etdikdə onun dozasına nəzarət etmək çətin olur.

Sinkə gəlincə bunun əksi doğrudur. Soyuqdəymə zamanı effektli olması üçün sinkin udulan yox, çeynənən həblərindən istifadə olunmalıdır.

Hemilä deyir ki, adi həblər və ya sinklə zəngin qidalar o qədər də fayda vermir.

Alim bildirir ki, səbəbi tam aydın olmasa da, sink çeynəmə həblərinin ağız boşluğunda 30 dəqiqəyədək saxlanması soyqudəymədən müdafiədə daha böyük effekt verir.

Soyuq sakitləşdirici

Başqa bir açıq qalan məsələ budur ki, tədqiqatçılar adamlarda C vitamini və sink kimi elementlərin əvvəlcədən çatışmazlığına diqqət verməyiblər.

Bəzi araşdırmalardan məlum olub ki, soyuqdəymə zamanı C vitamininin şəfaverici təsiri insanda həmin vitaminin çatışmazlığı ilə bağlı ola bilər

Yəni ola bilsin ki, C vitamini çatışmayan birisi onu xəstələndikdə qəbul edən zamanı sağaldıcı effektlərini, belə bir çatışmazlığı olmayanlarla müqayisədə daha çox hiss edir.

Məsələni qəlizləşdirən başqa bir məqam plasebonun gücü məsələsidir.

Doğrudur, sarımsaq əlavəsi kimi, əlavələrə aid bir çox tədqiqatlar plasebonun könüllülər qrupuna yaxşı təsirini təsdiqləyib. Lakin bu təsir heç də yalnız plasebonun təsiri deyil.

Biz hətta çox məhdud elmi sübutu olan bir şeyə, məsələn toyuq şorbasının soyuqdəymənin "dərmanı" olmasına and içsək də, burada toyuq şorbasının özü plasebodan başqa bir şey deyil, çünki biz onun həqiqətən də soyuqdəymənin sağalmasına kömək etdiyinə inanırıq.

Plasebo elə buna deyirlər.

Plaseboların bir sıra simptomları, o cümlədən ağrıların və qıcıqlanmış bağırsaq sindromunun simptomlarını yüngülləşdirməsi doğrudan də müşahidə edilib, hərçənd bunun niyə belə olduğunun elmi izahı hələ də tam verilməyib.

İstər C vitamini olsun, istərsə də toyuq şorbası, soyuqdəymənin simptomlarını yüngülləşdirən plasebo effekti yarada bilir.

Bir araşdırma göstərib ki, exinaseya bitkisi dəmləməsinin soyuqdəymə zamanı kömək etməsinə inanan və onu müntəzəm qəbul edən şəxslərdə bu bitki simptomların yüngülləşməsinə həqiqətən də kömək edib.

Buna inanmayanların arasında exinaseya dəmləməsinin təsiri demək olar, müşahidə edilməyib.

Belə vasitələrin əks təsiri də ola bilər. Məsələn südün soyuqdəymə zamanı selik ifrazını azaltdığına inanılır. Hərçənd indi bu inanca son qoyulub. Lakin yenə də bir araşdırma göstərib ki, südün selik ifrazına təsir etdiyinə inanan adamlarda süd içdikdən sonra tənəffüs simptomlarının yaranması müşahidə edilib.

Southampton Universitetindən sağlamlıq psixologiyası professoru Felicity Bishop deyir ki, plaseboları adətən həkimlər yazsalar da, ev müalicə vasitələrinin plasebo effekti bizim gündəlik həyat təcrübəmizdən bəllidir:

"Araşdırmalar göstərir ki, plasebo həblərinin gücü pesiyentlərlə tibb peşəkarları arasında etimadlı münasibətlərdən qaynaqlanır. Yəni bu bizim qayğımıza qalan birisinin verdiyi vasitə olduqda biz onun müalicəvi gücünə daha çox inanırıq. Valideynlər adətən azyaşlı uşaqlarına belə inam aşılayırlar.

Burada şəxsin özündən daha çox, həmin şəxslə münasibətin təbiəti əsas rol oynayır".

Bishop deyir ki, etibar etdiyimiz dostlar və ailə üzvlərimizlə yanaşı ərzağın necə marketinq edilməsi də plasebo effektini artıra bilər.

Ailə və dostlarımızdan toyuq şorbası soyuqdəymə zamanı yaxşı təsir göstərdiyini eşitmişik və yemək doğrudan da plasebo effekti verə bilər

Burda yaxşı xəbər nədən ibarətdir?

Ev müalicə vasitələrinin plasebo olduğunu bilməyimiz onların simptomlarımızı yaxşılaşdırmasına mane olmur.

Bishop bildirir ki, "həkim pesiyentə nəyinsə plasebo olduğunu desə də, belə açıq plasebolar bəzi adamlara kömək edir və pesiyentlərin özlərini daha yaxşı hiss etmələrinə səbəb olur".

Belə yeməklərin gətirdiyi rahatlıq da yaxşı təsir vasitəsi ola bilər.

Dietoloq Sarah Schenker deyir ki, məsələn toyuq şorbasının gətirdiyi rahatlıq bəzi adamların özlərini daha yaxşı hiss etməsinə səbəb ola bilər.

Bizim qış ərzində mikroblara müqavimətimiz orqanizmdəki C vitamininin miqdarından daha çox bizim fərdiyyətimizdən - daha doğrusu plasebolara inam və əlbəttə genlərimizdən asılıdır.

"Bəzi adamların genləri onları müəyyən xəstəliklərə xüsusilə həssas edir.

Yadda saxlamalıyıq ki, biz bir-birimizdən genetik baxımdan fərqlənirik. Buna görə də bəziləri hətta qripə yoluxanda da bunu bilmirlər, amma bir başqaları üçün bu, ciddi xəstəliyə çevrilir. Bunu əsasən bizim genlərimiz şərtləndirir".

Sağlam immun sistemi olan əksəriyyətimizin qış mikroblarına tab gətirmək üçün plasebolardan başqa bel bağIayası elə bir vasitəmiz yoxdur.

Odur ki, bir azca sink və sarımsaq qida əlavələri həblərini qəbul etməkdə fayda ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.