Namaz ruhun pərvazıdır

10 Mart 2015
1 462
0
Namaz ruhun pərvazıdır
Namaz ruhun pərvazıdır
NAMAZ RUHUN PƏRVAZIDIR.
Hədislərdə namaz mö’minin me’racı kimi yad edilir. Bu me’rac və pərvaz səmada yox, mə’nəviyyat və bəndəlik fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.
Namaz qılan şəxsin irfani və mə’nəvi pərvazı ilə təyyarəçinin səmada uçuşunu mövcud fərqləri nəzərə almaqla müqayisə etmək olar:
1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur. İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir.

2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir. İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın.

3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır. Namaz qılan şəxsin mə’nəvi me’racı üçün də xalis diqqət və bütün digər pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla Allahdan qeyriləri inkar olunur və xalis niyyət əldə edilir.

4. Uçuş üçün təyyarəçi tam sağlam olmalıdır. Allahın hüzurunda və namazda sağlam qəlb olmalıdır.

5. Təyyarənin iki qanadı olur. Bir qanadla uçuş olmaz. Namazda da Allahla əlaqə ilə yanaşı xalqla düzgün rabitə olmalıdır. Allahın haqqını ödəməklə yanaşı insanların da haqqı ödənməlidir. Qur’an adətən namazla yanaşı zəkat tə’birini işlədir.

6. Təyyarə havaya qalxmaq üçün bir qədər yerdə hərəkət etməli olur. Azan, iqamə və müstəhəb zikrlər mə’nəvi uçuş üçün müqəddimədir. Namazdan sonrakı dualar və zikrlər enişdən sonra yerdəki hərəkətdir.

7. Uçuş zamanı birinci səhv axırıncı səhvdir. Süqut məhvə bərabərdir. İbadətdə şirk, təkəbbür və riya insanı süquta aparır. İblis 6000 illik abid keçmişinə baxmayaraq bir səhvlə əbədi lə’nətə düçar oldu!

8. Təyyarəçi sükan olan otağın göstərişləri ilə hərəkət edir və bütün göstərişlərə tabedir. Namaz və ibadətlər də göstərişlərə uyğun olmalıdır. Hətta bir dəqiqə tez, yaxud gec, qanunun əksinə ibadət batildir.

9. Təyyarəçi bə’zən uçuşda, bə’zən istirahətdə olur. Həmin vaxt təyyarə texniki baxışdan keçirilir. İnsan da ibadətlərlə yanaşı bə’zən istirahətə, halal ləzzətlərdən faydalanmağa və həyata qatılmağa ehtiyaclıdır. Allahın rəsulu (s) kimi bir şəxs bə’zən deyirdi: “Ey Humeyra, mənim üçün söhbət et.”

10. Təyyarəçinin dispetçer məntəqəsi ilə əlaqə saxlaması üçün yalnız bir rəsmi dil mövcuddur. Namaz qılan şəxs də Allahla əlaqə saxladıqda yalnız ərəb dilindən istifadə etməlidir. Həcc zamanı ehram “ləbbeyk əllahummə ləbbeyk” kəlməsi ilə başlanır.

11. Uçuşdan öncə hava, uçuş istiqaməti və s. haqqında mə’lumatlar alınmalıdır. İbadətdə də müqəddimə mə’lumatlara ehtiyac var. Fiqh və elmsiz ibadət dəyərsizdir. Hətta ticarətdə də ilahi hökmlərlə tanışlıq lazımdır.

12. Təyyarəçi yuxarı qalxdıqca yer onun üçün kiçilir. İnsan hər nə qədər Allahın əzəməti ilə tanış olarsa, Allahdan qeyriləri onun üçün bir o qədər kiçilər. Həzrət Əli (ə) buyurur: “Onların nəzərində Allah böyük, Allahdan qeyriləri isə kiçikdir.”

13. Böyük təyyarə daha az silkələnir və müsafirlər aram olur. Namaz və ibadətlər cəm halda daha çox savablıdır və qəbul olma imkanı böyükdür.

14. Adətən, təyyarəçinin yanında çətin anlar üçün köməkçisi olur. Camaat namazında da yaxşı olar ki, birinci cərgədə ədalətli və təqvalı insanlar dursunlar. Pişnamaza nəsə olduqda, onlardan biri namazı sona çatdırır.

15. Maddi uçuşda təyyarəçi və sərnişinlər zirvəyə qalxdıqda ailə çətinliklərindən aralanır, xəbərsiz olurlar. Mə’nəvi pərvaz zamanı da ruh ucalarkən insan maddiyyatı düşünmür. Necə ki, namazda həzrət Əlinin (ə) ayağından oxu çıxardıqda xəbəri olmur.

16. Uçuş zamanı yüksəklikdən az miqdar aşağı endikdə “yüksəkliyi azaltdı” deyirlər. Baxmayaraq ki, təyyarə yerlə müqayisədə yenə də yüksəkdədir. İlahi övliyaların ibadəti adi şəxslərin ibadətlərindən çox-çox uca olsa da, onlar yüksəklikdən azca enməyi nöqsan və tənəzzül hesab edir və tövbə qılırlar.

Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir.
Şair deyir:
Quşların uçuşun gördünmü? İnan,
Şəhvətdən qurtulsa ucalar insan.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.