Cəmiyyət və dini radikalizm

15 Kasım 2015
1 988
4
Cəmiyyət və dini radikalizm
Cəmiyyət və dini radikalizm



Bildiyimiz kimi illər keçdikcə İslam günümüzün daha da hiss edilən bir reallığına çevrilir. 90 – cı illərin əvvəllərində yeni müstəqil olmuş Azərbaycan istər pis olsun, istər yaxşı keçmiş Sovet sisteminin...

... inkar etdiyi bütün dəyərlərə qarşı qucağını açdı. Bunların içərisində on illər boyu qadağan edilmiş, Azərbaycanın kimliyinin ayrılmaz parçası olan İslam dini də vardır. Başda Türkiyə, İran, Ərəb ölkələri olmaqla İslam dünyasının müxtəlif yerlərindən, müxtəlif məzhəb və cərəyanlar ölkəmizə axışaraq bu boşluğu doldurmağa çalışdılar.Zaman keçdi. Ölkəmizin güclənməsi ilə yanaşı İslam dini də bütün gerçəkləri ilə cəmiyyətimizdə hiss edilməyə başladı. Müstəqilliyin ilk illərindəki İslama ekzotik münasibət, yavaş –yavaş yerini müxtəlif məzhəb və cərəyanların simasında yaranan reallıqlara buraxdı. Belə ki, toplum getdikcə daha aydın hiss etməyə başlayır ki, İslam bir tarix, bir folklor hadisəsi və ya sadəcə didaktik dəyərlər məcmusu olmayıb, bir sistem, bir nizam bir ideologiyadır. Biz nə qədər bunu inkar etməyə çalışsaq da, və ya bunu fərqli formalarda izah etməyə girişsək də bu bir həqiqətdir. Yəni bu gün İslamın bu mahiyyətini hansısa bir məzhəbin, qrupun ayağına yazmaq, və bu yolda müəyyən qruplar “icad edərək” onlarla müharibə elan etmək sadəcə əsas problemi görməkdən qaçmaq deməkdir.
Bir cəmiyyət olaraq artıq İslam qapımızdan içəri keçmişdir. Bu gün o ictimai sahədə özünə sürətlə yer edir. Bundan sonra iqtisadi və siyasi sahələr gəlir. Heç şübhəsiz beş – on ildən sonra ciddi formada təşkilatlanmış İslam Azərbaycan gündəminin reallığına çevriləcək. Bu qaçılmazdır. Ən postmodern, küpünə qədər avropalı cəmiyyətlərdə belə bütün sosial sahələrdə təşkilatlanmış İslam var. Əlbəttə ki, əhalisi 90% müsəlman olan və tarixi İslamdan ayrı təsəvvür edilməyən Azərbaycanda da bu baş verəcəkdir. Bunu bir faciə, dövlətin dağılması kimi qəbul etmək ciddi xətadır. Tarix sübut edir ki, bunu dövlətin faciəsi olaraq qəbul edib zorla qarşısının alınması heç zaman uğurlu olmamışdır və belə addımların nəticəsi toplumda ancaq onun inkişafını geri salan, ciddi böhranlar yaradan RADİKALİZMİ doğurmuşdur. O radikalizm ki, bu yazımızda onu izah etməyə çalışacaq səbəblərini və doğurduğu nəticələri nəzərlərinizə çatdıracaq, eyni zamanda həll yollarından da bəhs edəcəyik.
Radikalizm bütün zamanlarda və toplumlarda müxtəlif şəkillərdə təzahür edən zehniyyət tərzidir. Yəni diqqətlə nəzər salsaq görərik ki, radikallıq əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının düşüncəsindən, psixologiyasından və ya tərbiyəsindən qaynaqlanmaqdadır. Biz bu barədə bir az geniş radikalizmin səbəblərindən bəhs edərkən danışacağıq.

Radikalizm nədir?
Onun əsas vəsfləri hansılardır? Əvvəlcə bu sualları cavablandıraraq zehnimizdə bu məfhumu daha aydın bir hala gətirməliyik. Əlbəttə ki, yuxarıda da qeyd etdiyimiz kimi tarixin bütün dövrlərində və bütün cəmiyyətlərdə müxtəlif formalarda təzahür edən radikalizmin ümumi vəsfləri vardır. Bunlar onun çöhrəsini təşkil edən ana xətlərdir ki, bütün formalarda olan radikal zehniyyət formalarında mövcud olur. İstər dini olsun, istər bəşəri olsun bütün fikir və ideologiyalarda radikallıq eyni ortaq cizgiləri paylaşmaqdadır. Bunlar əsasən aşağıdakılardır:
Ən uc cinahlarda qərar tutmaq –. Yəni mənsub olduqları fikrin və ya əqidənin ehkamlarını ən qatı formada anlama və tətbiq etmə şüurunda olub, bu ehkamların sadəcə zahirinə bağlı qalaraq onun ruhunu və var olma məqsədini unutma. Bildikləri ehkam və qaydaların mahiyyətinə enməmə, onun arxa planını görməmə bu zehniyyətin əsas xüsusiyyətlərindəndir. Bu gün bəzi dini qrupların simasında bunun aydın şahidi olmaqdayıq. Bu insanlar dinin özünə əməl etdiklərinə, sırf sünnəti tətbiq etdiklərinə özlərini inandırmışlar.
Bir xəttə qalıb dəyişə bilməmə - Görüşünü dəyişdirmə, inkişaf etdirmə radikal dünya görüşü üçün yaddır. Biz qətiyyən dəyişmək dedikdə ümumi əqidənin əsasını təşkil edən ana xətlərin içini boşaldaraq təsirsiz məfhumlar halına gətirməyi, yəni öz dininə və imanına arxa çevirməyi nəzərdə tutulmuruq. Söhbət konkret və qısa olan əqidə əsaslarının yanında ictihad və seçimə açıq olan bir sahənin var olması və fəaliyyətə açıq tutulmasından gedir. Bu baxımdan radikal zehniyyət üçün ictihad və seçim sahəsi çox dar və ya heç yoxdur. Onlar üçün əksər məsələlər əqidəvi mahiyyət daşımaqdadır. Əqidə yəni toxunulmaz ehkamlar süni olaraq genişləndirilmiş ki, bu da daim fikrin donuq olması deməkdir və eyni zamanda da istər doğru olsun istər yanlış fərqli olanı qəbul etməməkdir. (Burada dini bir məfhum olan “ictihad” anlayışından istifadə etməyimiz bu məsələni ancaq dini çevrələrə aid etmək mənasına gəlməsin. Əslində var olan ehkamların ruhunu qavraya bilməmə cəmiyyətin bütün kəsimlərində görülə bilər)
Digərlərini batil hesab etmək (dözümsüzlük) – bu bütün ifrat radikalist düşüncələrin ortaq görüşüdür. Qarşı tərəflə razı olmamağı izhar etmənin və ya fikrini müdafiə etmənin radikalizmə görə ancaq bir yolu vardır. O da başqalarının görüşünü topdan rədd etmə və onları düşmən elan etmək. Yəni qısaca desək bu insanların əsas görüşü “bizi kimi düşünməyənlər bizim düşmənlərimizdir” prinsipidir. Bu kimi qruplar paranoik bir əhval ruhiyyədə olaraq ətraflarındakı bütün problemləri özlərinə qarşı təhlükə və təhdid olaraq qəbul edərlər. Həyatda hər şey onlar üçün iki şeydən ibarətdir, ya ağdır, ya qara, ya dostdur ya düşmən, ya yaxşıdır ya da pis. Onlar sadəcə öz izlədikləri yolu yeganə həqiqət hesab etməkdə və buna iddiası olan digərlərinə yaşamaq haqqı tanımamaqdadırlar. Bu qruplar gücsüz olduqları zamanlarda bu hallarını sadəcə sözdə elan etsələr də gücləndikləri və əllərinə real qüvvə keçdiyi vaxt digərlərini sadəcə məhv etməyi düşünürlər. Dünyanın yaxın tarixi faşistlərin, bolşeviklərin bu zehniyyətlə bəşəriyyətə qarşı hansı cinayətləri etdiklərinin şahididir. Əlbəttə bu gün belə qruplara dini camaatlar arasında da rast gəlmək mümkündür. Öz qənaətlərini dinin özü elan edərək ona uymayanları kafir və batil elan edirlər. Fəqət diqqətlə baxdığımız zaman tabe olduqları yolun bir məzhəb, bir ictihad məhsulu olduğu aydınca görünür.

Yuxarıda üç maddə halında nəzərinizə çatdırdığımız Radikalizmin əsas xüsusiyyətləri əslində biri digərini doğuran hallardır. Yəni dinin və ya hər hansı bir dünya görüşünün ehkamlarının arxa planını, mahiyyətini ruhunu anlaya bilmədiyiniz zaman onun zahirindən fərqli bir görüşü tərcih etmək sizə çox çətin olacaqdır. Beləliklə bir məsələ haqqında fərqli qənaətləri incələmək və onlardan faydalanmaq imkansız hala gəlir. Belə bir addım sahib olduğunuz əqidəyə qarşı xəyanət və arxa çevirmə olaraq qiymətləndirilir. Fərqli düşünənlərin “həqiqətləri” daim sizi qorxudur. Bundan qorunmanın yeganə çıxış yolunu onlarla bütün əlaqələri kəsməkdə görməklə bərabər imkan olduğu təqdirdə onları sıradan çıxarmaq sizin əsas məqsədlərinizdən biri olur. Bax buna radikalizm deyilir.
Burada bir məsələyə də diqqəti çəkməyin yeri vardır. Bilməyimiz gərəkdir ki, radikalizm təkcə dini qrupların və ya hansısa ideologiyaların zehniyyət tərzi deyil. Çox zaman görünür ki, toplumlar, cəmiyyətlər, dövlət idarə mexanizmlərinin özləri dini qrup və ya ideologiyalara radikal bir münasibət içərisində olurlar. Dini toplum üçün təhlükə görmək, onun sosial sahədə təsirini bacardıqca azaltmağa çalışmaq, bütün dini camaat və təriqətləri cəmiyyət üçün təhlükə zənn etmək əslində bir növ radikalizmdir.
Dinin sosial sahədən təcrid olunmasına çalışmaq, dini camaatların varlığını faciə olaraq görmək heç zaman məsələnin həll yolu demək deyildir. Məsələyə belə münasibət əks nəticə verir yəni din ictimai sahəyə daha radikal tonlarda və daha nəzarət edilməz bir şəkildə təcəlli edir.
Radikalizmi doğuran əsas səbəblər
Yuxarıda bu səbəblərdən birinə toxunduq. Bu qarşı tərəfdən özünə qarşı şiddət görmə və ya başqa ifadə ilə desək qarşı tərəfin “oyun qaydalarını” pozmasıdır. Yəni cəmiyyət dini qruplara gəldiyi zaman söz azadlığı, özünü ifadə azadlığı, insan haqları kimi vəzifələri unutması, onların hamısına ikinci qrup vətəndaş müamiləsi göstərməsi radikallaşmanın əsas səbəblərindən biridir.
Məhz belə bir münasibət bu gün yaşadığımız toplumda görünməkdədir. Məsələn ölkədə həddən artıq şişirdilərək böyüdülən “vəhhabilik” hay-küyü bu gün öz nəticələrini verir. Bu adla adlandırılan qruplardan bir çoxu bu gün həqiqətən ən qatı dini anlama tərzinə keçməkdədirlər. Yəni bunlar cəmiyyətin qova-qova namərd etdiyi insanlardır. Toplum bunlara heç zaman sahib durmadı. Həmişə ictimaiyyətdən xaric edildilər. Saqqallarının uzun olduğuna görə iş yerlərini itirdilər. Müxtəlif şayiələrlə daim ictimai qınaq obyektinə çevrildilər. Polis yerli-yersiz təqib etdi, şöbələrdə zorla saqqallarını qırxaraq şəxsiyyətlərini alçaltdı. Təsəvvürünüzə gətirin respublikanın böyük şəhərlərinin birində bir soyğunçuluq hadisəsi baş verir və ölkənin nüfuzlu bir telekanalı heç bir ciddi sübutu olmadan bunun “vahabbilərin” etdiyini bildirir. Və ya son dövrlər yenə şişirdilən “nurçuluq” məsələsi ... Bu sadaladığımız hallar son nəticədə ölkədə müəyyən dini zümrənin cəmiyyətdə təcrid edilməsinə aparan səbəblərdir.
Radikalizmi ortaya çıxaran zənnimizcə ən böyük səbəb isə ölkədə dini sahədə ciddi maarifçilik işinin olmamağıdır. Bu barədə artıq çox söhbət açıldığından əlbəttə ki, biz yeni bir şey demirik. Azərbaycanda bu gün ən çox hiss cəmiyyətə təsir edən, qərarı hamı tərəfindən (və ya dindar zümrənin böyük hissəsi tərəfindən qəbul edilən din adamlarının sayının azlığıdır. İslami toplumlar arasında din adamının (dini mənada alimin) nə demək olduğu hamıya məlumdur. Bunların rəsmi və qeyri – rəsmi şəxslər olduğu bir şey ifadə etməz. Bunlar öz elmi çəkisi və təqvaları ilə kütlələr tərəfindən qəbul edilir və onlara yön verirlər. Təəssüf ki, Azərbaycanda bu sahədə lazımi qədər iş görülməmişdir. Ölkədə dini aftoritə olacaq insanlar media və digər vasitələrlə marijinal qrupların liderləri kimi topluma tanıdılaraq bu sahədə ciddi bir fürsət əldən buraxılmışdır.

Bu gün dini təhsilin istənilən səviyyədə olmaması, və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi də dini düzgün anlamama və anlatmamağa gətirib çıxarır. Bu da radikalizmi doğuran səbəblərdəndir. Ölkədə orta məktəblərdə din tədris olunmur. Bunun əsas səbəblərindən birincisi kimi dini kadrların yetərincə olmaması göstərilir. Amma ölkədə bugün pis-yaxşı yetişdirilən kadrlardan bu gün nə qədər məqsədə uyğun istifadə olunur. Bu kadrlara lazımı diqqətin olmaması bir çox hallarda onların özlərinin radikal cərəyanlara meyl etməsinə səbəb olur. Bilməyimiz gərəkdir ki, ilahiyyata diqqətsizlik fizika, riyaziyyat, və s. kimi sahələrə diqqətsizlikdən daha dəhşətli nəticələr doğurur. Çünki, din (xüsusən də İslam) ideoloji mahiyyəti olan bir sahədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -düzü bu haqda məlumatım az idi, bir az oxudum məlumatlandım...
    -Maraqlı mövzu idi..
    -Təşəkkürlər.
  2. Bella
    • Bella
    • 15 Kasım 2015 21:16
    Cəmiyyət üçün aktual olan , mühüm, hər kəsin bilməyi üçün lazımlı olan bir mövzuya toxunulub. Xəbərdə Radikalizm və onun nədən qaynaqlandığı ilə tanış oldum . Həqiqətən xəbərdə yazılanlar çox olsa da mənə bunları bilmək daha xoş oldu. Sağ olun ki, maraqlı xəbəri paylaşmısınız. Bu cəmiyyətdə yer tutan ən mühüm problemlərdən biridir. Bunları bilmək üçün hər kəsin oxumağı mütləqdir. Təşəkkür
  3. Marshall Mathers
    Sitat: Qara_Gozlum
    cox sade olmuw xeebr ellerine salik :)
    cox sade olmuw xeebr ellerine salik :)

    sen niye redakteye fikir verirsenki xeberi oxumadan sherh niy yazirsanki?
  4. Minyon giril
    cox sade olmuw xeebr ellerine salik :)

    cox sade olmuw xeebr ellerine salik :)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.