Əhya və Ehsanın günahı nədir?

07 Aralık 2015
1 697
0
Əhya və Ehsanın günahı nədir?
Əhya və Ehsanın günahı nədir?
Son vaxtlar Azərbaycanın sosial durumu ilə bağlı açıqlanan statistik göstəricilər sadəcə heyrət hiss doğurur. İnsanlar arasında artan intiharlar artıq pik həddinə çatıb. Nəzərə alsaq ki, intihar edənlərin sırasında 9 yaşlı uşaqdan tutmuş 78 yaşlı ağsaqqala qədər var, onda bu məsələ aktuallığını daha da artırır. Eyni zamanda məktəblərdə təhsil səviyyəsinin kəskin şəkildə aşağı düşməsi də çox ciddi nöqsanlardan hesab edilir. Ali məktəbə daxil olmaq istəyən şəxsin repetitor yanına getməkdən başqa çarəsi qalmayan təhsil sisteminin köklü islahatlara ehtiyacı var.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, ailə zəminində baş verən cinayətlər də cəmiyyətin növbəti faciəsinə çevrilib. İnsanların amansızcasına yaxın qohumlarını qətlə yetirməsi hallarını araşdırmaq üçün artıq hökumət səviyyəsində addımlar atılmalıdır.


Bu siyahıya toplumda olan aqressiya, insanların iqtisadi böhran içində yaşaması və s. kimi məsələləri də əlavə etsək, onda əhalinin durumunun ümumi mənzərəsi ürəkaçan bir məsələdən xəbər vermir. Ölkədə bu qədər məşğul olmalı məsələlər fonunda, hökumət qurumlarının haşiyəvi mövzularla məşğul olması insanda sadəcə təəccüb və təəssüf hissi doğurur.

Bu günlərdə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında Azərbaycanda uşaqlara verilən müəyyən adların Ədliyyə Nazirliyinin adlar sistemindən çıxarılması ilə bağlı müzakirələr aparılıb. Ölkədə yeni doğulan uşaqların sosial hüquqları ilə bağlı araşdırmaların da aparılacağı ümidi ilə bu adların bəziləri ilə bağlı danışmağı vacib saydıq. Bu siyahıda oyanış sözünü özündə əks etdirən - Əhya, yaxşılıq sözünü özündə əks etdirən - Ehsan adları da var.


Siyahıda təbii ki, özündə məna daşımayan və mənfi yüklü bir çox adlar da var. Amma bu fikirləri siyahıda olan bütün adlara şamil etmək olmaz. Əhya və Ehsan kimi adlarla yanaşı, Haqq və Əmanət kimi adlar da qadağaya düşüb. Və nədən bu adlar Dilənçi, Çervon, Cığa, Düymə, Fağır, Güldan kimi adlarla bir siyahıya düşüb?

Sözügedən adların qoyulması və cəmiyyətdə tez-tez bu adların çəkilməsi topluma müsbət dəyərdən başqa nə verə bilər? Bu adların Çervon və Dilənçi kimi adlarla eyni siyahıya daxil olması hansı məlumat bazasına söykənir? Əslində bu sualları kifayət qədər uzatmaq olar. Amma məsələ dəyişməz olaraq qalacaq. Özündə bu cür müsbət dəyərləri əks etdirən adların cəmiyyətdə təbliğ edilməsinə ehtiyac duyulduğu halda, qadağan oluna bilinməsi sadəcə təəssüf doğurur.

Üzümüzü bu siyahını tərtib edən quruma tutub deyirik, bu adlar hansı meyarlar əsasında bu siyahıya salınıb? Hansı araşdırmalar bu adların ehtiva etdiyi mənaları ortaya qoyub? Bəlkə bu siyahını tərtib edən məsul işçinin şəxsi baxışları və ya dünyagörüşü bu qərarın verilməsinə səbəb olub? Ad adətən təsadüfi seçilmir. Bu, insanların dünyagörüşlərinin təzahürüdür. Bu cür müsbət dəyərlərə malik dünyagörüşünün təzahürünü qadağan etmək heç bir məntiqə əsaslanmır. Ümid edirik ki, ölkədə başdan aşan köklü sosial problemlərin həllinə ən azı bu qədər diqqət ayrılacaq və bu adların təsadüfən bu siyahıya düşməsi məlum olacaq.
Ən başlıcası - nəyisə tənzimləmək məmurlar tərəfindən qadağa kimi deyil, maarifləndirmək kimi başa düşüləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.