Uşaq beziylə bərabər tutulan nemət... - VİDEO
Bir parça çörək üçün saatlarla, bəzən günlərlə növbə gözlədiyimiz vaxtlar yadımızdan çıxıb
Türkiyədə aparılan araşdırmalar zamanı məlum olub ki, orada bir ildə 2,1 milyard çörək israf olunub zibilə atılır.
ANS TV-nin məlumatına görə, bu təxminən 1,5 milyard ABŞ dollar və ya 542 min ton buğda israf olunur.
“Çörək bol olarsa, basılmaz vətən” deyib keçmişdə atalarımız, amma indi bəziləri çörəyin bolluğuna o qədər düşüb ki, vətəndə onu, hətta zibilxanada uşaq bezinin yanında tapmaq mümkündür.
Hamımızın, demək olar ki, hər gün rastlaşdığımız bu mənzərə ciddi çörək israfçılığının mövcudluğundan xəbər verir. Çörək kimi neməti bu tullantılarla bir tutmağın özü artıq günahdır. Amma buna baxmayaraq yenə də çörəyi bol-bol alıb, sonra da tullantı kimi zibilliyə atanlar az deyil.
Şəhərdə apardığımız sorğudan aydın olur ki, çörək israfçılığına səbəb bu sahədə marifləndirmənin aparılmamasıdır. Elə bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin rəhbəri İmran Abdullayev də təsdiq edir.
İmran Abdullayevin sözlərinə görə, buna nəzarət mexanizmi yoxdur: “Biz çörəyin keyfiyyətinə standartlara cavab verməsinə nəzarət edə bilərik. Artıq onu kim necə istifadə edir - qarışa bilmərik. Bu sahədə marifləndirmə olmalıdır, amma hələ ki, real nəsə yoxdur”.
Milli ənənələrimizdə, tarixi köklərimizdə də xalq olaraq çörəyə həmişə fərqli münasibət, xüsusi hörmət bəsləmişik. Bundan başqa əhalinin əksəriyyətinin mənsub olduğu İslam dini də çörək israfçılığının qəti əlehinədir.
İlahiyyatçı Yaşar Qurbanov deyir ki, çörək ruzidir, bərəkətdir, ona qarşı olan pis münasibət bərəkətin azalmasına səbəb olur.
İnsanlar unutqan olur, deyirlər, yəqin, elə buna görə də bir parça çörək üçün saatlarla, bəzən günlərlə növbə gözlədiyimiz vaxtlar yadımızdan çıxıb.
Çox yox, cəmi 20 il əvvələ qayıdaq. Çörəyə, ruzi-bərəkətə hörmət yadımızdan çıxa bilər, amma heç vaxt unutmaq olmaz ki, tarix təkrarlanır.