Ölüb dirilməyin sirri: “Başınızı da kəsdirib saxlada bilərsiz” – ƏCƏLLƏ MÜHARİBƏ, YOXSA PUL TƏLƏSİ?

14 Nisan 2017
1 417
0
Ölüb dirilməyin sirri: “Başınızı da kəsdirib saxlada bilərsiz” – ƏCƏLLƏ MÜHARİBƏ, YOXSA PUL TƏLƏSİ?
Sevdiklərinizi diriltmək şansı olsaydı, onları dirildərdinizmi? Elm adamları indi də ölən canlıları diriltmək üçün müxtəlif yollar axtarırlar. Amma bunu əvvəlcə heyvanlar üzərində təcrübədən keçirməyə başlayıblar. Feat.Az dünya mediasında bu mövzuda yazılmış materiallara istinadən apardığı ümumiləşdirmələri təqdim edir.

2011-ci ildə Sibirin Tumat bölgəsində 12500 illik it cəsədləri tapılmışdı. Göl kənarında bədəni çox yaxşı qorunmuş halda tapılan köpək cəsədləri elm adamları üçün böyük əhəmiyyət kəsb edirdi.


Elm adamları min illər əvvəl donmuş köpəklərdən DNT analizi götürərək gen xəritələrini çıxarıblar. İndi də o dövrdə yaşayan it cinsinin yenidən həyata gətirilməsi planlaşdırılır. Diriltmə işləri sadəcə bu köpək üzərində davam etmir.

Krionika – kəskin aşağı temperaturda insan bədənini donduraraq xarab olmadan vakuum şəraitində mühafizə etməkdir.


Bu sahədə fəaliyyət göstərən Cryonics.org ünvanlı internet səhifəsinin girişində “gələcəyinizə xoş gəldiniz!” yazılıb. Orada insanların ölümlərindən dərhal sonra dondurularaq bu layihəyə daxil olacaqları bildirilir. Sonrakı proseslər barədə isə məlumat verilmir. Layihənin təməl məntiqi hazırda müalicəsi mümkün olmayan xəstəliklərin gələcək tibbi üsullarla sağaldılması üzərində qurulub.

Amerika Birləşmiş Ştatlarının qurucularından olan Benjamin Franklin həmin dövrün ölümü qabaqlama üzərində işlər aparan tanınmış tibb adamlarından biri olan Cek Duborqa 1773-cü ildə iki-üç sətirlik belə bir məktub yazıb: “Kaş, insanları dondurub gələcəkdə oyandıracaq bir elmi üsul olardı. Bunun sayəsində Amerikanın 100 il sonrasını bir günlük də olsa görüb, ondan sonra ölməyi rahat qəbul edərdim. Gələcəkdə elmimizin bunları da bacaracağına heç şübhəm yoxdur”.

Sonradan bu yazılanlar bir xəyal olmaqdan çıxdı və dondurularaq bir növ ölümsüzlüyə qovuşmağın təcrübəsi aparılmağa başlandı.


12 yanvar 1967-ci il: Kaliforniya Universitetinin psixologiya üzrə professoru olan Ceyms Bedford Krionika İnstitutunda dondurulan ilk insan kimi tarixə düşdü. O dövr üçün krionika prosesi indiki dövrə nisbətən daha az inkişaf etmişdi. Ona görə də Bedfordun bədəni dondurulmuş vəziyyətdə saxlansa da, bəzi hüceyrələri zərər görmüşdü.


Bundan sonra krionika ilə maraqlanan elm adamları insan toxumalarına zərər verməyəcək dondurma üsulları üzərində çalışmağa başladılar. Bir neçə il ərzində daha 9 insan donduruldu. 1979-cu il isə krionika üçün faciəli il oldu. İnstitutda saxlanılan 9 bədən dəhşətli şəkildə çürümüşdü. Sonradan aydın oldu ki, Krionika İnstitutunun enerji izolyasiya sistemi 6 ildir işləmir, buna görə də soyutma sistemi tamamilə çöküb. İnstitutda yalnız ilk dondurulan insan, professor Ceyms Bedfordun bədənini xilas etmək mümkün oldu.


Professor Pol Siqal isə apardığı təcrübədə Miles adlı itini dondurub, yenidən diriltməyi bacarıb. Bu təcrübə dondurulmağa inanan insanlar üçün o gündən bəri böyük bir sübut hesab olunur.

1977-ci ildə qurulan “Alcor” şirkəti krionika sahəsində o gündən bu günədək lider kimi tanınır. Bununla yanaşı, bazarda daha 2-3 şirkət də var. Bu şirkətlərlə müqavilə imzalayan, ölmüş və donmuş halda gözləyən ən azı 230 insan var. Öldükdən sonra dondurulmaq üçün şirkətlə müqavilə imzalayan insanların sayı isə mindən çoxdur.

Müqavilə imzalayanlara müayinə xaricində və ya Amerika hüdudlarından kənarda ölə bilərlər deyə, öz istəkləri ilə xüsusi qolbaq və boyunbağı verilir. Orada öləcəkləri halda təcili olaraq haraya aparılmalı olduqları ünvan yazılıb. Üzərində belə bir qeyd də yer alıb: “Dəfn etməyin, yarmayın”.


Nəhayət, hər kəsi maraqlandıran sual: Bu işlər nə qədər məbləğə başa gəlir? Bu xidməti göstərən Cryonics.org-un internet səhifəsində yazılıb: “Həyatın dəyəri daha yüksəkdir”. Bu şüardan belə məlum olur ki, ölüb yenidən dirilmək bahalı işdir.

Bu işləri ən ucuz həyata keçirən şirkətlərdən biri bütün bədəni dondurub saxlamaq üçün 28 min dollar tələb edir. Dünyanın bir nömrəli krionika şirkəti olan “Alcor” isə 150 min dollar istəyir. Bununla yanaşı, yalnız başı dondurub saxlatdırmaq variantı da var. Əgər oyandığınız zamanın texnologiyasında bir hüceyrədən bədən yaradıla biləcəyinə inanırsınızsa, öldükdən sonra yalnız başınızı kəsib dondururlar. Bunun qiyməti isə “Alcor” şirkətində təxminən 80 min dollardır.


Artıq Türkiyədə də bu layihəyə daxil olan insanlar var. Türkiyənin ilk krionistlərindən biri, Türkiyə Qurtuluş Savaşının komandiri Çerkez Ethemin bacısı qızı Güner Kuban bu müqaviləyə imza atıb və öldükdən sonra dondurulmasını gözləyir.


Bəs görəsən, Azərbaycanda elm adamları krionika haqda nə düşünür? Ümumiyyətlə, bu, nə dərəcədə real prosesdir, dondurulan insanı sonradan nə gözləyir, o, nə zaman yenidən həyata qayıda bilər?

Mövzu ilə bağlı Ailem.az-ın suallarını cavablandıran gen mühəndisi Ələmdar Məmmədov deyib ki, əslində, bu prosesin məqsədi müəyyən xəstəliklərə əlac tapmaqdır.

Hələlik müalicəsi mümkün olmayan xəstəliklərə tutulan varlı insanlar özlərini dondururlar ki, nə zamansa - həmin xəstəliyi sağaltmaq mümkün olduqda yenidən həyata qaytarılsın və müalicə edilsin. Bu işin isə xüsusi texnologiyası var: “İnsanların qanını bədəndən çıxarırlar, sonra onu -196 dərəcədə maye azotda dondurub saxlayırlar. Buna “kriogen” deyilir. Aşağı dərəcə mənfi temperaturda saxlandıqda insanın bütün həyat prosesləri dayanır. Bunu da insana tətbiq edirlər ki, lazım olanda onu yenidən həyata qaytarmaq mümkün olsun. Lakin indiyədək dondurulub saxlanılan insanları hələ ki, geri qaytarmaq mümkün olmayıb. Müəyyən xəstəliklərin müalicəsi tapılsa da, dondurulan insanların heç birini geri qaytarıb müalicə etməyiblər”.

İlk dəfə bu təcrübə qurbağa üzərində həyata keçirilib. Arzuedilən nəticə alındığı üçün sonradan layihəyə insanlar da cəlb edilib. Bu prosesə qoşulanlar isə çox varlı insanlardır. Dondurulan insanın nə vaxt həyata qaytarılması isə müqavilədən asılıdır. Mütəxəssis bu işlə məşğul olan xüsusi şirkətlərin məqsədinin pul qazanmaq olduğunu da gizlətmədi: “İlk dəfə qurbağanı atıblar azota, donub, sonra götürüblər. Qurbağanın donu açılandan sonra hərəkət edib. Deyiblər ki, bunu insana da tətbiq etmək olar. Lakin insanlar üzərində real nəticə əldə edilmədiyi üçün geniş miqyasda tətbiq edilməyib. Çox maliyyə tələb edən iş olduğu üçün yalnız varlı insanlar özlərini dondurublar. Yəni həmin yüksək məbləği verməklə milyarder insan heç nə itirmir, əksinə, nə zamansa yenidən həyata qayıtmaq şansı olduğunu düşünür. Pulu var və bunu edir. Çünki onu saxlamaq üçün həmişə azot lazımdır və daim nəzarətdə olmalıdır. İnsan qanla bir yerdə dondurularsa, darmadağın olar. Çünki qan donanda damarları partladır. Ona görə ki, bədəndə su var. Qan çəkilir, damara spesifik maddə vurulur və sonra da dondurulur ki, toxumalar partlayıb dağılmasın”.

Bu, heç də göründüyü kimi adi məsələ deyil. Mütəxəssis məsələnin etik tərəfləri olduğunu da deyir: “Bu insanlar tutaq ki, 50 ildən sonra ayıldı. Onlar ayıldandan sonra heç bir qohum-əqrəbası qalmır, yaxın adamları dünyadan köçüb gedirlər. Müəyyən məsələlərə etik münasibətlər var ki, Beynəlxalq Bioetika Komitəsi onların korlanmasının əleyhinədir. Amma hər bir halda dondurulan insan bunların hamısını bilir. Hüquqi tərəfdən də bu proses tənzimlənir. İlk növbədə dondurulmaq istəyən insanın ağlının başında olması təsdiqlənir, özünün və yaxın qohumların razılığından sonra onunla müqavilə imzalanır”.

Ə. Məmmədov dondurulmanın insanlar üzərində aparılan təcrübə olmadığını da əlavə edir. Çünki heyvanlardan fərqli olaraq, insanlar üzərində bu cür təcrübələrin aparılması qadağandır.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.