Balın növünə görə müalicəvi əhəmiyyəti

21 Mayıs 2017
1 319
0
Balın növünə görə müalicəvi əhəmiyyəti
Ana təbiətin bəxş etdiyi ən gözəl və əvəzolunmaz nemətlər içərisində bal birinci yerdə dayanır. Onun faydası, istehsalı və sağlamlıq əhəmiyyəti barədə danışan biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov deyib: "Bal arının əsas məhsullarından biridir, arı onu müxtəlif çiçəklərin nektarından, yəni şirəsindən hazırlayır. Təbii çiçək balı əsasən iki cür-monoflor və poliflor olur. Monoflor, yəni çiçək balı yalnız bir bitki şirəsindən yığılmış baldır. Təbiətdə tam monoflor bal tapmaq çətindir, çünki arı 5-7 kilometr ərazidə olan bütün çiçəklərdən bal toplayır. Bal yığılan sahədə hansı bitki və ağac çoxluq təşkil edirsə, balın növü həmin bitki ilə adlanır. Poliflor, yəni qarışıq bal müxtəlif çiçəklərdən yığılan baldır: dağ-çəmən balı, aran çəmən balı, qarışıq meşə balı və s. Bundan başqa ağac gövdəsi və yarpaqlarından hazırlanan bal da var.

Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, balın müalicəvi xüsusiyyəti onun növündən çox asılıdır. Qarabaşaq balı dəmirlə zəngin olduğundan qanazlığında, ürək və şəkər xəstəliyində diyetik məhsul kimi istifadə olunur. Günəbaxan balı A vitamini və karotinlə zəngin olduğuna görə dəri xəstəliyi və uşaqlarda boy artımı zamanı xeyirlidir. Qanqal balı qaraciyər, biyan balı mədə-bağırsaq və prostatit, dağ balı ürək xəstəliklərində, cökə balı soyuqdəymə zamanı çox faydalıdır".

Arıçılıq üzrə mütəxəssis may balı haqqında bunları söyləyib: "May ayının sonunda təzə hörülmüş şanlara yığılmış və möhürlənmiş bal hazırlanır. Ona "may balı", yaxud "beçə balı" deyilir. Bitkilərin əksəriyyəti may və iyunun əvvəllərində çiçək açdığına görə həmin vaxt yığılan bal daha ətirli və şəffaf olur, acılığı olmur. Ən çox müalicə əhəmiyyətli bal məhz may balı hesab edilir. Onun spesifik iyi və dadı olur, rəngi mayın sonundan avqustun ortalarınadək açıq qızılı rəngdən tünd qızılı rəngədək dəyişir. Buna müxtəlif parametrlərlə yanaşı bitki şirələrinin də təsiri olur. May balı süzüləndən dərhal sonra istifadə edilməməlidir, onu təxminən iki ay saxlayandan sonra tam keyfiyyətli bala çevrilir".

"Təəssüf ki, son illərdə iqlim dəyişikliyi, əlverişsiz təbii şərait, bəzən aramsız yağan yağışlar, dulu, külək, bağça-bağların dərmanlanması arıların zəifləməsinə, çox vaxt isə qırılmasına, nəticədə nektar istehsalının kəskin azalmasına səbəb olur. Həmin səbəblərdən may balı ya istehsal olunmur, ya da çox az istehsal edilir", - deyə bioloq alim fikrini yekunlaşdırıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.