İnandığımız nağıllar 11-ci hissə
Yazar: Məsudə Cabbar
Aydan..
O qədər gözəl idi ki, onu ilk gördüyüm zaman.. Sahil metrosunda idik..Adına qismət dedikləri şeyin ən gözəl adı "Aydan" idi məncə..
Qapılar açıldığı zaman içəriyə keçdim və digər açılmayan qapı önündə ayaq üstə dayandım.
İki saniyə sonra o girdi içəriyə və mən..
Gülümsədim..
Sadəcə bu gəldi əlimdən..
Qapılar bağlandığı zaman içəridə əsən külək saçlarını havada dalğalandıranda və o tarazlığını qorumaq üçün əllərini havada qəribə vəziyyətdə saxlayanda..Sonra utanaraq gözlərini yumub dodaqlarını bir birinə sıxanda..Və mən tərəfə bir addım daha atıb yanımdaki dəmir parçasından yapışanda..Burnunun üzərinə düşən bir tutam saçı üfürərək üzündən uzaqlaşdıranda..
əlimdən gələn tək şey gülümsəmək oldu..
Qulaqcığından cızırtı ilə eşidilən mahnı hər nə idisə onu dinləyirdi o gün..
İçimdə adını qoya bilmədiyim bir şey baş vermişdi.. Hər nə idisə daha əvvəl varlığından belə xəbərim olmamışdı.
Gözlərimi çəkə bilmirdim, bilirdim ki, qıraqdan çox pis görünürdüm. Metroda dayanıb hansısa qıza dayanmadan baxmaq..Böyük tərbiyyəsizlikdir,bilirəm.Amma bu..
Hər nə isə , qatar nəhayət dayandı və ikimiz də endik. Şüursuz şəkildə qızın arxasınca addımladım. Ta ki, o dayanacaqda gözləməkdə olan bir avtobusa minənə qədər. Pəncərə kənarında oturdu və bircə anlıq, çox çox qısa bir an üçün gözləri mənə sataşdı. Mənasız gülümsəməmi görmüşdü,deyəsən, çünki qaşlarını çatıb nə baş verdiyini anlamağa çalışdı. Sonra başını aşağı əyib çantasında nə isə axtarmağa başladı. Payız ayları idi. Əllərim pencəyimin ciblərində gözləyərkən,ayaqlarım qərarsızlığını qoruyurdu. Sürücü avtobusu hərəkətə gətirdi və avtobus yerindən tərpənərək ana yola çıxmağa çalışdı.
Mən nə ara o avtobusa mindim, hansı ara icazə belə almadan onun yanına oturdum həqiqətən xatırlamıram. İlk olaraq necə sözə başladım, sonra özümü necə oldu ki, inandırdım..Necə oldu ki, o, özünü mənə laiq bildi ?
Sadəcə onu istəyirdim.
Həmin gün və digər bütün günlər.
O anlar indi hafizəmdə qırıq qırıq fragmentlər kimi qalıb. Avtobusdayıq..O mənə baxır..Sonra gülümsəyir..Başını yelləyir, yenidən mənə baxır,sonra əl sıxışırıq və ayrılırıq..
Səhəri gün dediyi üzərə Bakı Musiqi Akademiyasına getdim və gözləməyə başladım. Pionina üzərində necə gözəl göründüyünü təsəvvür edə bilmədiyim o incə barmaqları ilə saçlarını arxaya atarkən, onu gördüm.. Yanındaki qızlarla qapıdan çıxdı və bir az irəlilədikdən sonra qəflətən dayandı addımları..Mənə baxdı və yanındaki rəfiqələrinə..Sonra davam etdi..
Addımlarının ən gözəlini atdı..Və aramızdaki məsafə yoxa çıxdı..
Hər şeyi uzun uzadı danışıb sizi yoracaq deyiləm,təbii.. Qısası..O gündən sonra hər fürsətdə görməyə getdim, tanıdıqca sevdim, sevdikcə bağlandım.. Dəfələrlə pianodaki möhtəşəm ifalarını dinlədim. Qatıldığı festivallarda qazandığı uğurlarına sevindim..Kollecin təşkil etdiyi kiçik konsertlərə getdim..
Ona heç zaman..Bir dəfə də olsun yalan demədim. Kim olduğumla, harada yaşadığımla, necə yaşadığımla bağlı..Tək kəlimə belə..
Tanışdığımız gündən bəri ən uzun ayrılıq anamın xəstələndiyi gündən başladı. Özümü o qədər unutmuşdum ki, deyil Aydanı, kim olduğumu belə xatırlamırdım artıq..
Bu qısa zaman o qədər uzun və dərin keçmişdi ki, sanki bütün o xoş günləri silib aparmışdı..Heç yaşanmamış kimi..