Həlakedici günahlar

20 Aralık 2014
1 724
0
Həlakedici günahlar
Həlakedici günahlar

Allaha qarşı edilən hər bir asilik günahdır. Günahlar böyük və kiçik olmaqla iki qismə bölünür. Bəndəni Allahın lənətinə məruz qoyan və ya Onun qəzəbinə düçar edən, yaxud Cəhənnəm oduna sürükləyən, yaxud da dünyada ikən cəzaya məhkum edilməsinə səbəb olan günahlar böyük hesab olunur.
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Həlakedici yeddi günahdan çəkinin!” Soruşdular: “Ya Rəsulullah, nədir onlar?” Pey­­ğəmbər buyurdu: “Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın ha­ram bu­yurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, dö­yüş mey­danından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mö­min qadınları zina­da ittiham etmək.” (əl-Buxari, 2766).
Böyük günahlar, həmçinin, həlakedici adlanır, çünki onları edən özünü Allahın qəzəbinə düçar edərək həlak edir. Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində bildirilən böyük günahların sayı yetmişə yaxındır. Bu günahların bəziləri bunlardır:
Valideyn­lə­rin üzü­nə ağ olmaq, namaz qılmamaq, zəkat verməmək, Peyğəmbərin adından yalan söyləmək, üzr olmadan Ramazanda orucu pozmaq, zina etmək, içki içmək, qumar oynamaq, təkəbbürlük etmək, insanların mallarını haqsızlıqla mənimsəmək, oğurluq etmək, quldurluq etmək, özünü qətlə yetirərək intihar etmək, qadınların özlərini kişilərə, kişilərin isə qadınlara bənzətməsi, ölü heyvan, axar qan və ya donuz əti yemək, riyakarlıq etmək, xəyanət etmək, söz gəzdirmək, insanların gizli söhbətlərinə qulaq asmaq, çoxlu lənət etmək, kahinə və ya münəccimə inanmaq, qohumluq əlaqələrini kəsmək, ölü üçün fəryad qoparıb özünü vurmaq, insanın əsli-nəsəbinə tənə etmək, zəlalətə və ya pis yola çağırmaq, çəkidə və ölçüdə aldatmaq, Allahın mərhəmətindən ümidini üzmək və ümidsizliyə qapılmaq. Böyük günahlar yalnız tövbə etməklə bağışlanır. Uca Allah insanları günahlardan tövbə etməyə çağıraraq buyurur:
"Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!" (əz-Zumər, 53-55).
Bu ayənin nazil edilmə səbəbi haqda rəvayət edilir ki, ibn Abbas demişdir: “Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və dəfələrlə zina etmişdi. Sonra Muhəmmədin yanına gə­lib dedilər: “Sənin danışdıqların və dəvət etdiyin yol gözəldir... Bir de görək, bizim etdiyimiz bu günahların kəffarəsi varmı?” Onda bu ayə nazil oldu: “Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina et­məzlər. Bunu edən kimsə cəzalan­dırılar” (əl-Furqan surəsi, 68).Sonra da bu ayə nazil oldu: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim öz­lə­rinə qarşı həddi aşmış qulla­rım! Allahın rəhmin­dən ümidi­nizi üz­mə­yin” (əz-Zumər surəsi, 53). (əl-Buxari, 4810).
Böyük günah həddinə çatmayan günahlar isə kiçik günahlar hesab edilir. Kiçik günahları namaz, oruc, sədəqə və başqa bu kimi yaxşı əməllər silib aparır. Uca Allah buyurur:
“Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır” (Hud surəsi, 114).
Həmçinin buyurur: “Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz si­zin təqsir­lə­ri­nizdən keçər və si­zi şərəfli bir keçidə – Cən­nətə da­xil edərik” (“ən-Nisa”, surəsi 31).
Allah Elçisi buyur­muşdur: “Böyük günahlar işlənmədiyi təqdirdə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən günahları yuyub aparır”. (Muslim, 552).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.