Bunlar baş beyində şiş olmasını göstərir - Vaxtında neyrocərrahlara müraciət edilməlidir

17 Şubat 2019
1 125
0
Bunlar baş beyində şiş olmasını göstərir - Vaxtında neyrocərrahlara müraciət edilməlidir
Baş beyin şişlərinin əsas əlamətləri baş ağrıları, qıc olma tutmalarıdır.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, bunu həkim-neyrocərrah Ələsgər Həsrətov bildirib.

Ə. Həsrətov deyib ki, səhərlər baş ağrıları ürək bulanma, qusma ilə müşahidə olunursa, bu, baş beyin şişlərindən qaynaqlanır. Bəzən görmə pozuntuları, yerimə, koordinasiya pozuntuları müşahidə oluna bilər. Ona görə də bu cür xəstələr vaxtında mütəxəssislərə, nevroloqlara, neyrocərrahlara müraciət etməlidir.

Bəs beyin şişlərinin cərrahi əməliyyatdan sonra sağalma ehtimalı, faizi hansı səviyyədədir?

Həkim-neyrocərrah bunun beyin şişlərinin ölçüsündən, yerləşmə yerindən asılı olduğunu qeyd edib: "Kifayət qədər müasir təhlükəsiz yanaşma metodlarının işlənib hazırlanması, müasir optik cihazlar, qan saxlama vasitələrinin istifadəsi cərrahi əməliyyatdan sonra bu xəstələrin yaxşılaşmasına zəmin yaradan amillərdir. Bu xəstələrin böyük əksəriyyəti adətən, sağalırlar. Digər tərəfdən, artıq beyin cərrahiyəsində nəyin bahasına olursa olsun, şişin tam çıxarılması anlayışı yoxdur. Çünki bu gün cərrahiyyəyə alternativ digər üsullar da var. Məsələn, radioterapiya, radiocərrahiyyə, kimyəvi terapiya var. Beyində funksional vacib zonalar var. Məsələn, nitq mərkəzi, əl və ayağın hissiyyat mərkəzi, görmə mərkəzi, huşunu, nəfəsini idarə edən mərkəzlər var. Həmin nahiyələrə qonşu, yaxud həmin nahiyələrdə olan şişləri çıxararkən biz o şişlərin ziyansız hissələrini, yəni xəstəyə ziyan vermədən maksimum mümkün olan hissəsini çıxarırıq. Şişin çıxarıldığı halda xəstəyə ziyan verəcək hissəsini isə çıxarırıq. Bu gün dünyanın hər yerində belə edirlər. O xəstə növbəti mərhələdə digər müalicə üsullarından istifadə edir. Məsələn, radiocərrahiyyədən, şüa terapiyasından, kimyəvi terapiyadan istifadə edir. Bu da insanların ömrünü daha keyfiyyətli davam etdirməsinə zəmin yaradır".

Ə. Həsrətov beyin onkologiyasının neyrocərrahiyyənin əsas, böyük bir hissəsi olduğunu vurğulayıb: "Beyin onkologiyası hələ araşdırılan, inkişaf edən bir sahədir. Biz də bir kollektiv olaraq yeni metodları, yanaşma üsullarını öyrənmək üçün üzərimizdə çalışır, mütəmadi konfranslarda, tədbirlərində iştirak edirik".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.