"Qarabağ" üçün cırtdan ölkədən 25 yaşlı rəqib : "Düdelanj"

21 Haziran 2016
1 510
0
"Qarabağ" üçün cırtdan ölkədən 25 yaşlı rəqib : "Düdelanj"

“Qarabağ” Çempionlar Liqasının 2016/2017 mövsümünün ikinci təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq. Feat.Az Apasport.az saytına istinadən məlumat verir ki, Ağdam klubunun rəqibinin 25 yaşı var.

Belə ki, əsası 1991-ci ildə qoyulan “Düdelanj” 3 klub – “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb. Yaşının çox olmamağına rəğmən, komanda bu vaxta qədər 12 dəfə ölkə çempionu adını qazanıb, 5 dəfə isə gümüş medallara sahib çıxıb. 6 dəfə Lüksemburq kubokuna sahib çıxan “qırmızı-sarılar” eyni sayda kubokun finalında məğlub olublar.

Bu vaxta qədər avrokuboklarda 46 oyuna çıxmış “Düdelanj” aktivinə 8 qələbə və 5 heç-heçə yazdırıb. 33 dəfə meydanı məğlub tərk edən Lüksemburq çempionu bu oyunlarda 48 qol vurub, 111 qol buraxıb.

“Qarabağ”ın rəqibinin heyətində Fransa, Bosniya və Herseqovina, Belçika, Mərakeş, Konqo, Anqola və Qanadan olan legionerlər çıxış edir. Xüsusilə fransızların sayı çoxluq təşkil edir - 6 futbolçu.

Ötən mövsüm Avropa Liqasında oynamış “Düdelanj” birinci təsnifat mərhələsindəcə mübarizəni dayandırıb. İrlandiya təmsilçisi “Dublin”lə üz-üzə gəlmiş lüksemburqlular ilk oyunda 2:1 hesablı qələbə qazansalar da, cavab matçında 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.

Qeyd edək ki, “Qarabağ”ın “Düdelanj”la ilk oyunu 12-13, cavab matçı isə 19-20 iyul tarixlərində keçiriləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET