Həyat yoldaşının təqva və imanı

07 Şubat 2015
3 053
0
Həyat yoldaşının təqva və imanı
Həyat yoldaşının təqva və imanı


Həyat yoldaşının ləyaqət və səciyyəvi xüsusiyyətlərinin ən dəyərlisi və gözəli təqva və imandır.
Bu xüsusiyyət hər bir şəxsdə, cəmiyyətdə əmin-amanlığın, xoşbəxtliyin əsas amili olmuşdur. Əli (əleyhissalam)-ın təbiri ilə desək, bu, hidayət açarı, qiyamətin azuqəsi, qul olmaqdan azadlıq səbəbi və bütün fəsad və bədbəxtliklərdən qurtuluş yoludur. ("Nəhcül-bəlağə”, 221-ci xütbə)
Həzrət Əli (əleyhissalam) başqa hədisdə əxlaqi kamallara, səciyyələrə sahib olmağı təqva və pərhizkarlıq sayəsində bilir, təqvasız şəxsi isə cəhənnəm oduna və Allahın şiddətli qəhr əzabına düçar olacağını bəyan edir. Elə bir od ki, çox qəliz, dərinliyi çox, hərarəti son dərəcə şiddətlidir, əzabı anbaan yeniləşir, oradakıların haraylarına cavab verilmir.
Belə bir şəxs əbədi olaraq qəm-qüssədə və giriftarlıqda qalacaqdır. ("Nəhcül-bəlağə”, 27-ci məktub)
Yaxşı həyat yoldaşı o qadındır ki, təqvalı və imanlı, ərinə qarşı sədaqətli olsun və bilsin ki, ailə həyatının təməli sədaqət əsasında qurulmuşdur və onların müştərək həyatları hər növ hiylə və məkrdən pak olmalıdır, qadın və kişinin müştərək həyatı hiyləgərlik qəbul etməz və nəhayət axırda məkrlər ifşa olar.
İbrahim Kərxi adlı bir şəxs İmam Sadiq (əleyhissalam)-ın şiələrindən idi. Onun həyat yoldaşı vəfat etdikdən sonra Həzrətin hüzuruna gəlib dedi: Yəbnə Rəsulillah, mənim arvadım çox ləyaqətli və təqvalı idi, çox təəssüflə dünyadan getmişdir. Mənim təzədən evlənməkdən başqa bir çarəm yoxdur. Kiminlə evlənim? Həzrət buyurdu:

"Tam ayıqlıqla, diqqətlə evlənməli, elə şəxsi seçməlisən ki, əmanətdar və təqvalı olsun. Çünki öz malını, canını və sirlərini onun ixtiyarında qoyacaqsan. O, sənin barəndə hər növ rol oynaya bilər.”
("Vəsailüş-şiə”, 14-cü cild, səh.14)
Həzrət bu hədisdə həyat yoldaşı seçməkdə çox incə məsələlərə işarə edib öz ardıcıllarına həyat yoldaşının ifa edəcəyi rolu çox mühüm cilvələndirir. Çünki ərin bütün maddi və mənəvi varlığı onun ixtiyarında olur. Buna görə də qadın çox təqvalı və ayıq olmalı, əri ilə həqiqi məhəbbət, ixlas və sədaqətlə rəftar etməlidir. Əks halda ərin ən güclü düşməninə çevrilib onun canına, sirlərinə, var-dövlətinə, namusuna hər vaxt və hər növ xəyanət edə bilər. Buna görə də bu kimi işlərin qarşısını alan ən mühüm amil, yaxşı əmələ sövq edən ən güclü mühərrik məhz həyat yoldaşının təqvasıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs bir qadını, onun zahiri gözəlliklərinə görə alsa, ondan bəhrələnməz; hər kəs bir qadını, onun mal-dövlətinə görə alsa, yenə də peşman olar. Buna görə də siz dindar və təqvalı qadınlarla evlənməlisiniz. ("Biharul-ənvar”, 103-cü cild, səh.235)
İmam Sadiq və İmam Baqir (əleyhiməssalam)-dan nəql olunur ki, bir kişi Rəsuli Əkrəmin hüzuruna gəlib evlənmək üçün məşvərət etdi. Həzrət ona belə yol göstərdi:
"Get evlən, amma arvadının yalnız təqva və dindarlığını nəzərə al.” ("Kafi”, 5-ci cild, səh.332)
Bu hədislərdə, gördüyümüz kimi, Həzrət həyat yoldaşının təqva, iman və dindarlığını evlənmənin əsas şərti kimi təqdim edir. Çünki bu iki şərt mövcud olmazsa, həyat yoldaşı ərinin xoşbəxtliyi, ruhunun aramlıq səbəbi ola bilməz.


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.