Çəhrayi zoLaqLi varLiq 10-cı hissə

04 Mayıs 2015
1 495
0
Çəhrayi zoLaqLi varLiq 10-cı hissə
Çəhrayi zoLaqLi varLiq 10-cı hissə


Ümumiyyətlə, insan məqsədinə çatacağını güman edəndə, istənilən maneəni aşmağa müvəffəq olur və bu vaxt əlavə güc gəlir, ikinci nəfəs açılır, uğura gedən yol isə qısalır…

Bu gün mən, bir daha bunun şahidi olmuşdum. İndi yolun yarısından çoxunu geridə qoymağımıza baxmayaraq, mənə elə gəlirdi ki, sanki uzun zamandır yola çıxmışıq. Süleymangi­lin evindəki dözülməz başağrım isə, yenidən şiddətlənməyə başlamışdı. Özümü o qədər də yaxşı hiss etmirdim. Hətta yorğunluğum o həddə çatmışdı ki, qaranlıq meşədə uzaqdan görünən işıq belə nəzərimdən yayınmışdı. Minarə xanım qolumdan tutub, əlimdəki fənəri bir qədər aşağı salanda da, ilk öncə nə baş verdiyini anlamadım. Ancaq qadın asta səslə məndən, qarşıya baxmağımı istəyəndə, gördüklərim məni dəhşətə gətirdi və cəld şəkildə işığı söndürdüm. Əlində fənər olan bir şəxs, bizə yaxınlaşırdı…

Minarə xanım arxama keçib gizlənsə də, mən nə edəcəyimi bilmirdim. Təhlükə bizi çox pis və köməksiz olduğumuz məqamda haqladığından, ilk dəfə idi ki, bu qədər həyəcan keçirdiyimi hiss etməyə başlamışdım. Ancaq, daha çox Minarə xanımdan nigaran idim. O, qolumdan bərk yapışmışdı deyə, qadının necə titrədiyini hiss edirdim. Minarə xanım özü də hər şeyi çox gözəl anlayırdı. Əgər bizim buraya gəlməyimiz, doğrudan da yaxınlaşan o insanın əleyhinə idisə, onda gecənin bu zülmətində, bizi heç kim və heç nə xilas edə bilməyəcəkdi. Ona görə də burada dayanıb, o insanı gözləmək ağılsızlıq olardı. Çünki o, əlimizdəki fənər sayəsində bizim yerimizi təyin edə bilmişdi. Odur ki, getdikcə bizə daha da yaxınlaşırdı. Ayağının altında sınan ağac budaqları və ətrafa yayılan tükürpədici xışıltı, meşənin dərin və qorxunc sükutunda olduqca vahiməli səslənirdi. O, səsini çıxarmadan bizə doğru gəlirdi. Sanki, həmin şəxs özü də qorxurdu, çünki addımlarını çox ehtiyatla atdığı görünürdü. Nəhayət o, asta sürətlə istədiyi yerə çatdı və fənəri bizim bayaq dayandığı­mız hissəyə salıb, ətrafa gəzdirməyə başladı. Biz isə buna qədər artıq oradan uzaqlaşaraq, kənardakı ağacların arxasına gizlənməyə macal tapmışdıq. Bu an, qaranlıqda çətinliklə də olsa, həmin insanın siluetini görüb, Minarə xanıma baxdım. Qadın sakitcə başını tərpətdi və mən gizləndiyim yerdən çıxaraq fənəri yandırıb, işığı uzaqdan həmin naməlum şəxsin üzərinə saldım…

- Siz niyə bura qayıtdınız? – yaxınlaşaraq soruşdum – Nə isə olub?

- Bəs, siz niyə məni görən kimi gizləndiniz? – Süleyman işığı üzümə salıb, güldü – Yox, heç nə olmayıb. Sadəcə sizdən nigaran qaldım.

Az öncə keçirdiyim həyəcanla müqayisədə əhvalım bir qədər yaxşı olsa da, bizi qorxutduğu üçün Süleymana bərk acıqlanmışdım, amma bunu birüzə vermək istəmirdim. Odur ki, söhbəti bu məcraya istiqamətləndirməmək üçün yol boyu da bu məsələ haqda söz salmamağa çalışdım.

- Sizdən ayrılandan sonra, meşənin gəldiyimiz girişində gözləməyə başladım. – Süleyman artıq evinin həndəvərində olanda dedi – Xeyli gözlədim. Doğrudan da sizdən nigaran idim. Gəlmədiyinizi görəndə də lap narahat oldum. Sonra evə qayıdıb fənər götürdüm və meşəyə qayıtmağı qərara aldım… Buraları az-çox tanıyıram. Yad insan üçün bu meşədə azmaq o qədər də gözlənilməz bir hal deyil. – kişi həyət qapısının kandarında dayanıb qapının çərçivəsinə söykənmişdi – Bu meşə siz təsəvvür etdiyinizdən də təhlükəlidir. Bilmirəm, nə məqsədlə meşəni tək gəzməyə qərar verdiniz, amma Nicat bəy, sizə bir qardaş kimi məsləhət verirəm. Bu günkü hərəkətinizi bir daha təkrarlamayın…

Süleymanın sözlərində nə qədər həqiqət olduğunu ona bildirmək istəyirdim, amma anlayırdım ki, əminliyimin səbəbini açıqlamaqda çətinlik çəkəcəyəm. Ona görə də sadəcə təşəkkür edərək, məsləhətinin mənim üçün çox önəmli olduğunu deyib, ondan ayrıldıq.

Minarə xanımgilin evinə çatanda, yaxınlıqdakı qonşunun açıq həyət qapısı diqqətimi çəkdi. Əslində mən bu işi sabah üçün planlaşdırmışdım, amma bu günkü hadisələrin inkişafı, mənə artıq vaxt itirməyin gərəksiz olduğunu aşılayırdı. Cibimdəki bloknotu çıxarıb, günorta Lalənin ora yazdığı sonuncu cümləyə bir daha baxdım: "…atam mamanı döymüşdü. Biz də qonşuya getmişdik.” Bu cümlə bir şeyi isbat edirdi: demək ki, Mahirənin yaxınlıq etdiyi qonşusu olub.

- İstəyirsiz, siz daha evə gedin. – Minarə xanıma baxaraq dedim – Mənim burada bir az işim var. Qurtaran kimi kəndimizə qayıdacağam.

- Nə işiniz var ki? Sizə kömək edə bilərəm?

- Təşəkkür edirəm, amma ehtiyac yoxdur. Mən sadəcə qonşunuzla danışacağam.

- Bu saatda? – qadın təəccüblə soruşdu.

- Başa düşürəm, gecdir, amma bu qonşunuzun uşağı hələ də həyətdədir…

- Hə, hələ lap uşaq ikən də o, yatmağı xoşlamazdı. – Minarə xanım gülümsədi – Elə indi də yatmağı sevmir. Çox yaxşı qızdı. Lalənin ən yaxın rəfiqəsidi.

- Ev sahibinin adı nədi?

- Adı Zivərdi… Tək qadındı. Bir qızı var idi… İlk ailəsindən ayrılandan sonra, ikinci dəfə ərə getdi, amma yoldaşı onun uşağını qəbul eləmədi. O da qızını gətirib Zivər xalaya verdi. İndi özü Türkiyədə yaşayır… – qadın bu haqda sanki nifrətlə danışırdı – Guya anası tək qalmasın deyə, bu addımı atmışdı. Belələrini düşünəndə dəhşətə gəlirəm. Hər şey gün kimi aydındır. Axı, insan öz xoşbəxtliyi üçün övladından necə imtina edə bilər?!

- Övlad itgisinin nə olduğunu sizdən yaxşı bilə bilmərəm. Amma inanın, o qadın qızını daha çox itirib, nəinki siz…

- Təsəlli verməyi bacarırsınız…

- Ola bilər, amma mən təsəlli vermirdim. Siz öz doğma qızınızı itirdiyiniz halda, ailənizdə baş verən neqativ hadisələrdə təqsirləndirdiyiniz Mahirənin qüsurlu qızını saxlayırsınız. Ancaq Laləni "uşaq evi”nə ataraq, bunu etməyə də bilərdiniz. Həm də mən görürəm ki, Lalə sizi çox istəyir. Mənim aləmimdə, bir körpənin gələcəyini düşünüb, öz taleyinin üzərindən xətt çəkməyi bacaran biri, doğma övladını görə bilməyəcək qədər, xoşbəxtlikdən gözləri kor olmuş qadından çox yüksəkdədir…
Çəhrayi zoLaqLi varLiq 10-cı hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.