Çəhrayi zoLaqLi varLiq 11.hissə

04 Mayıs 2015
1 082
0
Çəhrayi zoLaqLi varLiq 11.hissə
Çəhrayi zoLaqLi varLiq 11.hissə


…Zivər xanımın mənzili, həyəti ilə müqayisədə o qədər də böyük deyildi. Açıq qapıdan içəri daxil olan kimi, kiçik qız məni görüb, yelləncəkdəki gəlinciyini də götürərək, evə doğru qaçdı. Qapını ardınca bərk örtsə də, az sonra yenidən açdı və həyətə çıxdı. Onun ardınca isə dolğun yaşlı bir qadın kandarda göründü. Zivər xanım bəstəboylu və bir qədər dolu bədən quruluşuna sahib idi. Yetmiş yaşı ancaq olardı, amma hərəkətlərində daha da yaşlı insanı andıran bəzi nüanslar da nəzərə çarpırdı. Çökəkdə olan gözlərinin kənarlarındakı qırışlar aydın görünürdü, amma dairəvi quruluşlu simasının mütənasibliyini qoruyan kiçik burnu və nazik dodaqları onun gənc ikən gözəl olduğunu aşılayırdı.

- Eşidirəm, oğlum… – qadın ayaqqabılarını geyinərək soruşdu – Kim lazımdı?

- Zivər xanım sizsiniz?

- Mənəm ay oğul… Kimsən? Tanımadım…

- Vaxtınızı çox almayacam, Zivər xala… – qadının həyətin kənarındakı stullardan birini götürməyə cəhd etdiyini görüb, əlavə etdim – Narahat olmayın. Sadəcə bir-iki sual verib, gedəcəyəm.

- Nə haqqında? – o, bir az ehtiyatla soruşdu.

- Əvvəla, gecə vaxtı sizi narahat etdiyimə görə məni bağışlayın. Məcburiyyət qarşısında qalmasaydım, gəlməzdim. – qadın lap qarşımda dayanmışdı – Mən itgin düşmüş qonşunuz Mahirə ilə bağlı qapınızı döymüşəm.

- Kimsən sən? – Zivər xala hirsli şəkildə üzümə baxdı. Deyəsən mənim son sözüm qadının heç ürəyincə olmamışdı.

- Mən cinayət işləri üzrə ekspertəm… – deyib, cibimdən adətən üzərimdə gəzdirdiyim saxta vəsiqəni çıxarıb, qadına göstərdim. Bu vəsiqə dəfələrlə ekstrimal hallarda mənim dadıma çatmışdı. Hər hansısa bir sənəd insanı elə həmin an, bacarıq və qabiliyyət isə, sonradan tanıtdırdığından, sadəcə hüquq fakültəsinin üçüncü kurs tələbəsi olduğumu bilib, kim mənimlə ünsiyyətə girərdi?!

- Vaxtında səni kimiləri ilə çox danışmışam… – amma deyəsən, vəsiqəm bu dəfə əks-effekt verdi – Bir xeyiri oldu?! Yox! Hamınız eynisiniz… Başa düşmürəm insanları dindirmək sizin nəyinizə lazımdır?! Onsuz da dediklərimizi heçə sayıb, öz bildiyinizi edirsiniz. Bu bilirsiz nədi? Təhqir! Gəlib məni söysələr bundan yaxşı idi. Gəldilər, danışdırdılar, guya dediklərimi qeyd elədilər, çıxıb getdilər. Mən də həvəslə hər şeyi danışırdım. Elə başa düşürdüm ki, bir xeyirim toxunacaq, – qadının bu qədər əsəb keçirməsi məni təəccübləndirirdi – amma sözlərimi vecinə alan olmadı. Kimisə ittiham etməmişdən əvvəl, yaxşıca düşünmək lazımdır. Yazıq qızım Mahirə səni kimilərinin qurbanı oldu…

- Zivər xanım, bir dəqiqə…

- Sözümü kəsmə! Məndən də heç nə soruşma… Gəldiyin kimi də get. Qapı açıqdı… Mən zamanında hər şeyi sənin dostlarına demişdim. – qadın yaxınlaşıb, qolumdan tutaraq üzümü çevirdi və məni həyət qapısına tərəf apardı – O vaxt demişdim ki, onda heç də gec deyildi və Mahirəni xilas etmək olardı… – Zivər xanım son sözlərini daha kəskin şəkildə qeyd etdi – İndi isə, get! Hər şey olub keçəndən sonra, səninlə heç nə danışan deyiləm!

- Bir dəqiqə dayanın… – bağlanan qapını əlimlə saxladım – İmkan vermədiniz mən gəlişimin məqsədini tam olaraq izah edim.

- Mənə hər şey aydındır…

- Heç nə aydın deyil… Aydın olsa idi, məni evinizdən qovmazdınız. – bu sözüm qadını sanki bir qədər ayıltdı – Birincisi, sizin verdiyiniz ifadələrdən bixəbərəm və həmin vaxt həmsöhbətiniz olan şəxslər mənim dostlarım deyil, ikincisi də, mən bu cinayət işində müstəqil xəfiyyəyəm.

- Olsun. Nə fərqi var ki?! Eyni şeydir…

- Eyni şey deyil, xanım. Siz bildiklərinizi danışmamaqla səhvə yol verirsiniz.

- Nəvəm yaşındasan. – qadın yarıqapalı qapıdan üzümə baxaraq, sifətini turşutdu – Mənə nə etdiyimi öyrədəcəksən? Səni kimisi ilə, heç danışmaq fikrim yoxdur.

- Dayanın… – qüvvətlə üzümə bağlanan qapını yenidən saxladım – Nəyə görə məsələni bu qədər qəlizləşdirdiniz? Mən bura böyük ümidlərlə gəlmişdim. Lalə mənə anası ilə bağlı bəzi məqamlardan bəhs edəndə, mən anlamışdım ki, Mahirənin çox yaxın bir qonşusu olub və təxmin etmişdim ki, bu, siz ola bilərsiniz. Yanılmadım. Bu siz idiniz. Ona görə də, yardımınıza böyük ehtiyacım var idi, amma çox təəssüf ki, siz ən yaxın qonşunuza növbəti dəfə olsa belə, yardım etmək istəmədiniz…

- Necə yəni? – Zivər xala son sözümdən çaşıb-qaldı – Necə yəni qonşuma kömək etmək istəmirəm. Mən zamanında köməyimi etmişəm. Bir nəticəsi olmasa da, etmişəm. İndi isə, daha gecdir. İşi-işdən keçəndən sonra, çənə yormağın da bir mənası yoxdur.

- İşin-işdən keçdiyinə niyə bu qədər əminsiniz?

- Məgər, Mahirə ölməyib?! Əmin olmaq üçün başqa nə lazımdır?

- Mahirənin öldüyü nə ilə təsdiqləndi? Adi bir əski parçası ilə? Axı, onun cəsədi hələ də aşkar olunmayıb.

- Demək istəyirsiniz o, sağdır? Bunu desəniz belə sizə inana bilmərəm…

- Bəs, sizin fikrinizcə, nəyə görə illər öncə bağlanmış cinayət işi yenidən araşdırılır?! – əlimi qapıdan çəkdim – Çox təəssüf ki, bizim əsas məsələ haqqında söhbətimiz baş tutmadı. Görürəm ki, ünsiyyətə girməməkdə qərarlısınız, amma mənim çox az vaxtım var. Bu işlə məşğul olmağı hələ bu gün öz üzərimə götürdüm və elə indicə Mahirənin sağ ola biləcəyi haqqında əsaslı dəlillərə rast gəldim. – qadın bu an, bayaqdan bərk-bərk tutduğu qapı dəstəyini buraxdı – Böyük ehtimalla Mahirə yaşayır, Zivər xanım. Vəfat etdiyi zənn edilən və zamanında ən yaxın qonşunuz olan qadın, yaşayır… O, ölməyib! Xudahafiz! – deyib, bu dəfə özüm qapını arxamca bərk örtdüm…
Çəhrayi zoLaqLi varLiq 11.hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.