"Yol getməyin öz ədəbi vardır."
Yol getmək sadə bir məsələ kimi görünsə də, insanın daxili və əxlaqi halından xəbər verər. Çünki insanın ruhiyyəsi hər bir əməlində özünü göstərər. İslam dini həyatımızın hər bir sahəsinə diqqət yetirdiyi kimi, yol getməyin ədəbi haqqında da bizlərə tövsiyələr vermişdir. Belə ki, Quranda oxuyuruq: «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa- lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». «Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir». ("Loğman” 18-19). Bu ayədən belə nəticə çıxartmaq olar ki, Allah insanın özünü başqalarından üstün bilməsini sevmir, çünki bu hiss insanı təkəbbürə gətirib çıxardar. Hər kim təkəbbür edərsə, kamal qapıları üzünə bağlanar, baxmayaraq ki, artıq özünü başqaları ilə müqayisə etməsə belə.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, təkəbbür və qürurla yer üzündə yeriyərsə, o kəslər ki, torpağın altında yatıblar və o kəslər ki, yer üzündə gəzirlər, onu lənətləyərlər”. Həzrət (s) başqa yerdə buyurur: "Hər kim paltar geyinib və onunla təkəbbürlük edərsə, Allah onu cəhənnəmin kənarında olan dərin bir yerə göndərər və Qarunla birlikdə olar. Çünki o, təkəbbürün bünövrəsini qoyan ilk insan idi”. İmam Sadiq (ə) buyurur: "Allah imanı insan əzalarına vacib buyurmuş və onların arasında bölmüşdür: həmçinin insanın ayaqlarına vacib etmişdir ki, günaha tərəf getməsin. Allah rizası yolunda addım atsın. Yol gedən zaman mötədilliyə riayət edin”. Bir gün Peyğəmbərimiz (s) küçədən keçən zaman görür ki, camaat bir dəlinin ətrafına toplaşmışdır. Onları bu halda görüb buyurdu: "Bunlar niyə toplaşıblar?”. Dedilər: "Dəliyə görə”. Peyğəmbərimiz (s) onlara nəzər saldı və buyurdu: "O, dəli deyildir. İstəyirsiniz həqiqi dəlini sizə göstərim?”. Dedilər: "Bəli”. Həzrət (s) buyurdu: "Həqiqi dəli o kəsdir ki, təkəbbürlə addımlayar. Davamlı olaraq yan tərəfinə baxar. Yan tərəfini çiyni ilə bir yerdə hərəkət etdirər. Bu, həqiqi dəlidir. Ancaq gördüyünüz o insan - xəstədir”. Beləliklə deyə bilərik ki, əgər iman əhliyiksə və ya həqiqi mömin olmaq istəyiriksə, yol getməyin ədəbinə də riayət etməliyik.