Üslubdakı İlahi İstiqamətləndirmə.

10 Ocak 2015
4 455
0
Üslubdakı İlahi İstiqamətləndirmə.
Üslubdakı İlahi İstiqamətləndirmə.

Bir gün Hz. Əbu Bəkir Finhas adlı bir yəhudi ilə rastlaşmış, xeyli söhbətdən sonra aralarında bir yaxınlıq hasil olmuşdu. Hz. Əbu Bəkir də bundan ümidlənmişdi. Çünki Finhas Tövratı və İncili yaxşı bilən bir alim idi; Sinaqoqda (yəhudi məbədi) uşaqlara Hz. Musa hekayətlərini danışır və onların gələcəyin alimləri kimi yetişməsinə çalışırdı. Bu adam müsəlman olsaydı, ətrafındakı bir çox adamlar da İslamla tanış olar və kütləvi şəkildə bu dini qəbul edərdilər. Bir gün Hz. Əbu Bəkir Finhasın yanına gedir və ona iman həqiqətlərindən xeyli danışır. Dəfələrlə axirətdən bəhs edir və həqiqəti bilə-bilə gizlətməyin məsuliyyətinə toxunur. Ardınca da:
- Ey Finhas! Allahdan qorx və gəl müsəlman ol. Sən də bilirsən ki, Muhəmməd Allah tərəfindən haqq ilə göndərilmiş bir elçidir. Üstəlik bu, əlinizdəki Tövratda və İncildə yazılmışdır, - deyir.
Finhasın bu işdən xoşu gəlməmişdi. Üstəlik də ən təməl məsələləri məsxərəyə qoymağa başlayır. Onu haqqa dəvət edən Əbu Bəkirə:
- Vallah, ey Əbu Bəkir! Bizim Allaha ehtiyacımız yoxdur! O bizə möhtacdır! Onun bizə olan tələbləri qədər biz ondan istəmirik. O, bizdən deyil, biz Ondan varlıyıq. Əgər bizdən imkanlı olsaydı, sahibinizin də dediyi kimi mallarımızdan borc istəməzdi. O, sizə faizi (sələmçiliyi) qadağan edir, amma bizə faiz verir. Bizdən daha zəngin olsaydı, bizə faiz verməzdi, - deyir.
Bunlar Əbu Bəkir kimi bir adamı özündən çıxarır. Finhas şeytanvari bir ağılla kömürü almaz kimi göstərməyə cəhd göstərir, bu azmış kimi, bir də Allahın Zatını təhqir edirdi. Öz ağlına görə “gözəl borc”a (qarzı-hasən) təşviq edən ayəni təhrif edir, “Allah yolunda yaxşı borc vermək” (“Bəqərə surəsi”, 245-ci ayə) işini “Allaha borc vermək” şəklində məsxərəyə qoymaq istəyirdi. Hələ sözünü qurtarmamış sifətinə elə bir şillə dəyir ki, nə baş verdiyini anlaya bilmir. Bu, heç gözləmədiyi bir hərəkət idi. Hz. Əbu Bəkir (r.a) bunları deyir:
- Ey Allahın düşməni! Nəfsim qüdrəti əlində olana and olsun ki, əgər sizinlə bizim aramızda müqavilə olmasaydı, başını bədənindən ayırardım.
Halbuki, Hz. Əbu Bəkir (r.a) mülayim xarakterli və xoşxasiyyət adam idi. Amma Allaha və Onun Rəsuluna lağ edildiyi bir yerdə susmaq onun kimi adamlara yaraşmazdı. Finhasın sözləri Hz. Ömərin də qulağına çatmış və onu da hövsələdən çıxarmışdı. Qılıncını götürüb qaça-qaça yola düzəlmiş, Finhasın payını verməyə gəlirdi. Hz. Ömərin cavabı Əbu Bəkir kimi olmazdı. O, Allaha və Rəsulullaha uzanan dilləri yerindən qoparar və cızığından çıxanlara həddini bildirərdi. Amma həmin gün şərait bunun üçün əlverişli deyildi. Bu vaxt Cəbrail də gəlmiş, Allah Rəsulunu məsələdən agah etmişdi. Həmçinin, Cəbrail Allah kəlamını əmanət gətirmişdi. Ayədə Uca Allah belə buyururdu:
- İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (Özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları bağışlasınlar. Çünki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını verəcəkdir (“Casiyə” surəsi, 14-cü ayə).
Bu ayə açıq-aşkar “səviyyənizi qoruyun, səviyyəsizlərlə vaxt itirməyin, Allah Özü onların hesabına böyük məhkəmədə baxacaqdır. Siz öhdənizə düşəni sizə yaraşan şəkildə yerinə yetirin ki, bunun əvəzini də Allah mütləq verəcəkdir” mənasına gəlirdi. Amma Hz. Ömər hələ bundan xəbərsiz idi. Buna görə də Allah Rəsulu (s.ə.s) dərhal bir adam göndərib onu da xəbərdar etmək istəyir. Çox keçmədən də səhabələrdən biri, qəzəblə Finhasın cavabını verməyə gedən Öməri saxlamış və Allah Rəsulunun (s.ə.s) onu gözlədiyini demişdi. Eyni zamanda məsələ təcili idi. Haqq qarşısında doğru olanın qulpundan dərhal tutmaqla tanınan Hz. Ömər vaxt itirmədən özünü Allah Rəsulunun hüzuruna çatdırır. Peyğəmbərimiz (s.ə.s) əvvəlcə:
- Qılıncını qınına qoy, ey Ömər, - buyurur. Ömər Rəsulullahın istəyinə heç etiraz edərdimi?
- Səni haqla göndərənə and olsun ki, doğru söyləyirsən, ya Rəsulullah!
Sonra da Allah Rəsulu (s.ə.s): Rəbbin buyurur ki, - deyə başlayır, Cəbrailin gətirdiyi ayəni oxuyur. Artıq cuşa gələn dalğalar çəkilmiş, Hz. Ömərə dərin sükut hakim olmuşdu. Deməli, nəticə etibarilə ümumi məsələlərdə rəhbərdən xəbərsiz təkbaşına hərəkət edilməməli idi. Yoxsa daş-daş hörülən binanın bünövrəsi sarsılar və arzu edilən nəticəni əldə etmək olmazdı. Ömər Allah Rəsuluna belə deyir:
- Səni haqq ilə göndərənə and olsun ki, bundan belə üzümü turşutmayacaq və qəzəbimi büruzə verməyəcəyəm!
Allah Rəsulunun əhatəsindəki mənəvi ab-hava insanlara necə də dalğa-dalğa sirayət edir və bu sahilə yaxınlaşan hər yolçunu öz təsiri altına salırdı. Digər tərəfdə isə belə bir mənəvi ab-havadan əsər-əlamət yox idi. Hər kəs öz xarakterinə uyğun hərəkət edirdi. Dilinin bəlası ilə Hz. Əbu Bəkirdən şillə yeyən Finhas daha sonra Peyğəmbərimizin (s.ə.s) hüzuruna şikayətə gəlir. Şillənin təsiri hər halından hiss olunurdu. Amma o baş verənlərdən ibrət götürüb nəticə çıxarana da oxşamırdı. Allah Rəsuluna (s.ə.s) öz dediklərindən bircə kəlmə də danışmayan Finhas Əbu Bəkir tərəfindən döyüldüyünü söyləyir. Hz. Muhəmməd Əbu Bəkiri hüzuruna çağırıb soruşur:
- Sən niyə belə bir iş gördün?
Əbu Bəkir xəcalət çəkirdi. Amma lap gözünün qabağında dayanan bu alçağa həddi bildirilməli idi. Dedikləri bəs deyilmiş kimi, gəlib əleyhinə danışdığı adamdan hələ bir kömək də istəyirdi. Hz. Əbu Bəkir adi vaxtlarda özünü müdafiə etməyi xoşlamırdı. Amma burada məsələni olduğu kimi çatdırmaq lazım idi. Buna görə, Hz. Əbu Bəkir belə cavab verir:
- Ey Allahın Rəsulu! Allahın düşməni olan bu adam çox böyük günah işlədi; Uca Allahın şəninə yaraşmayan sözlər danışdı, haşa, Allahın kasıb, özünün varlı olduğunu zənn edir. Mən də qəzəbləndim və sözlərinə görə onu Allah naminə vurdum.
Finhas həqiqətin üzə çıxdığını görüb narahat olmuşdu, amma çarə tapır: Əbu Bəkirin dediklərini inkar etməyə başlayır və:
- Mən bunları deməmişəm, - deyir.
Finhas Allah Rəsulunun da bu hadisədən xəbərdar olduğunu haradan biləcəkdi ki? Nə üzsüz adam idi: etdikləri azmış kimi, bir də Əbu Bəkiri yalançılıqda ittiham edirdi. Deməli, bir dəfə həya pərdəsi yırtılandan sonra bütün bunlar da mümkün idi. Çox keçmədən, Sıddıqı-Əkbərin sədaqətini elan edən Quran ayələri nazil olmağa başlayır. Səma dilə gəlmiş və Cəbrail Bəşərin Əmini Allah Rəsuluna vəhy gətirirdi:
- “Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə eşitdi. Biz onların bu dediklərini, peyğəmbərləri haqsız yerə öldürdüklərini əməl dəftərinə yazırıq və qiyamət günü onlara: “Dadı atəşin əzabını!” – deyəcəyik (“Ali-İmran” surəsi, 181-ci ayə).
Göründüyü kimi, gələn ayələrdə eynilə Finhasın dedikləri bildirilir və belə ikiüzlü və saxtakar adamların axirətdə dəhşətli əzaba düçar olacaqları xəbər verilirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.