Zilhiccə ayı`nın ilk 10 günü..

19 Temmuz 2015
2 979
0
Zilhiccə ayı`nın ilk 10 günü..
Zilhiccə ayı`nın ilk 10 günü..



Zilhiccə ayı`nın ilk 10 günü..
Bismilləhir-Rəhmanir-Rəhim


Aləmlərin Rəbbi Allaha həmd və şükürlər olsun ki, müsəlman ümmətinə çox nemətlər və çox fəzilətlər verib ki, bunları öncəki ümmətlərə verməyib. Bu fəzilətlərdən biri də, bizlərə müxtəlif ibadət və xeyir vaxtları təyin etməsidir. Bunlardan, Ramazan bayramı, Qədr gecəsi, Aşura günü, Zilhiccə ayında Həccə getmək, Zilhiccə ayının ilk 10 günü, Şəvval ayından 6 gün oruc tutmaq, Bayram namazları, Cümə günləri və sairə.

Əziz və hörmətli müsəlman qardaşlar və bacılar! Zilhiccə ayının və xüsusilə də bu ayın ilk 10 gününün bir çox fəzilətləri vardır. Bunlar Qur'ani Kərimdə və Peyğəmbərimizin (s.a.s) hədislərində qeyd edilib.
1. Allahu Təala Əl-Fəcr surəsinin ilk ayələrində belə buyurur: ((And olsun dan yerinə, and olsun 10 gecəyə)) İbn Kəsir (Allah Ona Rəhmət etsin!) öz təfsirində deyirki: "İbn Abbas, İbnuz-Zubeyr, Mucahid və başqalarından rəvayət olunduğuna görə bu ayədə qeyd edilən (10 gün) Zilhiccə ayının 10 günüdür"
2. Allahu Təala buyurmuşdur ki; ((Allahın adını məlum günlərdə zikr et)) İbn Abbas və İbn Kəsirin dediyinə görə, bu ayədə nəzərdə tutulan günlər Zilhiccə ayının ilk 10 günüdür.
3. İbn Ömərdən (r.a) rəvayət olunduğuna görə, Peyğəmbərimiz (s.a.s) belə demişdir: "Allah üçün bu 10 gündə edilən əməllərdən daha böyüyü və daha sevimlisi yoxdur, bu günlərdə təhlili (Lə iləhə iləllah), təkbiri (Allahu Əkbər) və həmd (Əlhamdulilləh) etməyi çoxaldın." (Ət-Təbarani rəvayət etmişdir)
4. İbn Həcərin Əl-Fəth kitabında yazdığına görə: "Zilhiccənin ilk 10 gününün xüsusilə seçilməsi, böyük ibadətlərin bir yerdə yığılmasındandır. Beləki həcc zamanı, həm namaz qılınır, həm oruc tutulur, həm sədəqə verilir, həm də həcc ibadəti yerinə yetirilir. Bunların hamısı isə başqa bir ibadətdə cəmlənmir."


Bu fəzilətli günlərdə görüləcək xeyir əməllər:

1. Həcc və Ümrə etmək. Əlbəttə Zilhiccənin bu 10 günündə ən fəzilətli və yüksək savablı əməl Həccə getmək və Ümrə etməkdir. Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "Ümrədən ümrəyə olan müddətdəki günahlar bağışlanır, qəbul olunmuş Həccin mükafatı isə yalnız Cənnətdir."
2. Namaz. Bu günlərdə fərz namazlarını çalışıb hamısını tam vaxtı girən kimi qılmaq, gecikdirməmək və nafilə namazlarını çoxaltmaq lazımdır. Nafilə namazlar Allahu Təalaya yaxınlaşmaq üçün ən gözəl vasitələrdəndir. Sovbən (r.a) rəvayət etdiyinə görə Peyğəmbərimiz (s.a.s) buyurub ki: "Allahu Təalaya çoxlu səcdə et. Sən bir səcdə edəndə Allahu Təala buna (səcdəyə) görə səni bir dərəcə Özünə tərəf yüksəldər və bununla (səcdə ilə) sənin xətalarından birini silər" (Muslim rəvayət etmişdir) - Bu, ümumiyyətlə bütün namazlara aiddir.
3. Oruc. Oruc tutmaq saleh və xeyir əməllərdən sayılır. Hənbədə bin Xalidin (r.a) öz xanımından və Peyğəmbərimizin (s.a.s) xanımlarının bəzilərindən rəvayət etdiyinə görə: "Peyğəmbərimiz (s.a.s) Zilhiccədən 9 gün, Aşura günü və hər aydan 3 gün oruc tutardı." (Əhməd, Əbu Davud, Nisai və başqaları rəvayət etmişdir). İmam Nəvəvinin dediyinə görə bu günlərdə xüsusilə oruc tutmaq çox müstəhabdır.
4. Təhlil (Lə iləhə iləllah), Təkbir (Allahu Əkbər) və Həmd (Əlhamdulilləh). Bu 10 gündə bunları çox demək müstəhabdır, yuxarıda İbn Ömərin (r.a) rəvayət etdiyi hədisdə qeyd edildiyi kimi. Əl-Buxari (Allah ona rəhmət etsin) deyib ki; İbn Ömər və Əbu Hüreyrə (r.a) bu 10 gündə bazara çıxardılar, təkbir gətirərdilər və camaat da onlarla bir təkbir gətirərdilər. Həmçinin İbn Ömər həmin bu günlərdə Minada olarkən, namazlardan sonra, yatağında olarkən, məclislərdə, gəzərkən, bütün günlərdə və hər yerdə təkbir gətirərdi. Təkbiri uca səslə gətirmək, Ömərin, İbn Ömərin və Əbu Hüreyrənin etdiklərinə görə müstəhabdır.

Biz müsəlmanlar bu sünnəti yaşatmalıyıq, çox təəssüf ki, unudulub gedib.
Təkbirin bir neçə forması var, rəvayətlərdən bizə çatdığına görə:
- Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər Kəbirən
- Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah vallahu Əkbər, Allahu Əkbər və Lilləhil Həmd.
- Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, vallahu Əkbər, Allahu Əkbər, va Lilləhil Həmd.
5. Ərəfə günü oruc tutmaq. Ərəfə günü oruc tutmağı təkid edərək Peyğəmbərimizin (s.a.s) bir hədisini xatırladaq, O (s.a.s) belə buyurmuşdur: "(Ərəfə günü oruc tutmağın) savabını Allahdan istəyirəm, hansı ki, bir il əvvəlki və bir il sonrakı günahları təmizləyir"
Yalnız həcdə olanlar Ərəfə günü oruc tutmaya bilərlər, çünki Peyğəmbərimiz (s.a.s) Ərəfətdə (Həcdə olarkən) duranda oruc olmayıb.
6. Tövbə etmək, bütün günahlardan Allaha dönmək və Ondan əfv diləmək. Ondan sonra, edilən xeyir əməllərə görə Allahın rəhməti və məğfirəti enər. Çünki günahlar insanı Allahdan uzaqlaşdırır və Onun rəhmətindən qovur. İtaət və ibadət isə Allahu Təalaya yaxınlaşdırır
7. Qurban kəsmək. Qurban bayramı günləri qurban kəsmək xeyir əməllərdəndir. Bu həm atamız İbrahimin (ə.s) sünnətidir və həm də Peyğəmbərimizdən (s.a.s) rəvayət olunduğuna görə O (s.a.s) (Qurban bayramında) 2 qoçu özü kəsmişdir."
8. Qurban kəsmək istəyən insan üçün sünnət olardı ki, Zilhiccə ayı girərkən niyyət etsin və 10 gün (Qurban kəsincəyə qədər) nə başındakı və bədənindəki tükdən alsın, nə də dırnaqlarından alsın. Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki: "Zilhiccə ayının hilalını görsəniz və sizdən kimsə qurban kəsmək istəsə, saçından və dırnağından almasın" Bu əməl isə yalnız Qurban kəsən şəxsin özünə aiddir, onun ailəsinə deyil.
9. Bayram günü bayram namazına getmək. Bayram xütbəsinə qulaq asmaq və sonra bayram namazı qılmağın böyük savabı vardır. Həm də müsəlman bu günün mənasını və hikmətini dərk etməlidir. Bayram günü yaxşılıq və şükr etmək günüdür. Bu günü pis və günahlarla dolu bir gün etmək olmaz.
10. Ümumiyyətlə saleh əməlləri, namaz, sədəqə, Qur'an oxumaq, yaxşılıq etmək, pislikdən çəkindirmək və sair kimi xeyir əməlləri bu 10 gündə artırmaq lazımdır. Çünki bu mövsümdə görülən xeyir əməllərin savabı qat-qat yüksək olur.



Allah bizə bu 10 gündə, Ona layiqincə ibadət etməyi nəsib etsin!
Zilhiccə ayı`nın ilk 10 günü..
mənbə-azerislam.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.