Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (II Hissə)

17 Eylül 2014
1 796
0
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (II Hissə)
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (II Hissə)


Münyə qızı Nəfisə oradan uzaqlaşır və Muhəmmədul-Əminin yerini öyrənmək üçün ünvanını soruşmağa başlayır. Bir müddət sonra artıq Allah Rəsulunun yanında idi. Əvvəlcə salam verir, ardınca da:
- Ey Muhəmməd, - deyə müraciət edir. Peyğəmbərimiz onu diqqətlə dinləyirdi. O da yenə davam edir:
- Evlənməyinə nə mane olur? Niyə evlənmirsən?
Əfəndilər əfəndisi üçün sual gözlənilməz idi və O:
- Evlənmək üçün imkanım yoxdur, - deyə cavab verir.
Həqiqətən də, Rəsulullahın evlənməyə maddi imkanı yox idi. Başqalarının məsuliyyətini öz üzərinə götürən adamın ən azı onlara baxmağa maddi imkanı olmalı idi. Ancaq Nəfisə bunun elə bir problem olmadığını deyəcəkdi, çünki mal-mülk fani dünya malı olduğu halda alicənablıq, şərəf, etibar və belə bir xarakter asan tapılmazdı. Qapı bu qədər aralandığı halda, onu bağlamamaq lazım idi və ardınca:
- Əgər bu, Sənin üçün problem olmasa və gözəllik, mal, şərəf və Özünə
bərabərlik etibarilə qarşına bir insan çıxsa, müsbət cavab verməzsənmi? – deyə soruşur. Kəlmələr belə bir namizəddən xəbər verirdi və sözə vaqif Söz Sultanı soruşur:
- Yaxşı bəs kimdir o?
- Xədicə, - deyir Nəfisə.
Hüveylidin qızı Xədicəni tanımamaq olardımı? Bir neçə gün əvvəl onun karvanını Şama aparmış və qazanclı ticarətlə qayıtmışdı. Ancaq ailə həyatı ticarət qədər asan deyildi. Buna görə də:
- Bu necə olacaq? – deyə soruşur. Nəfisənin dərdi bu işin necə olacağı deyildi, o sadəcə bir “qəbul” gözləyirdi. Elə bu cümlə də “qəbul”un bir işarəsi idi və Allah Rəsulundan bunları eşidən kimi rahat nəfəs almışdı. Çünki bu, “Mənim üçün problem deyil, amma belə bir evlilik necə baş tuta bilər?” mənasında bir reaksiya idi. Buna görə də:
- Sən onu mənə həvalə et, həll edərəm, - dedi.
Əlbəttə ki, susmaq razılıq əlaməti idi və sürətlə oradan ayrılan Nəfisə birbaşa Xədicə anamızım yanına gedir. Müjdəni şəxsən özü vermək istəyirdi. Özünü birnəfəsə Xədicənin yanına çatdırır və bütün dediklərini bir-bir ona söyləyir. Nəfisənin gətirdiyi xəbər Hz. Xədicənin qəlbini sakitləşdirir. Məsələyə müsbət yanaşdığını öyrənən kimi Ona rəğbətinin və evlənmək tələbinin səbəblərini bildirmək üçün xəbər göndərir. Hz. Xədicənin sözləri belə başlayırdı:
- Ey əmim oğlu! Əlbəttə ki, mən aramızdakı qohumluq bağlarının yaxınlığına (Baba tərəfindən soyu Peyğəmbərimizin babalarından olan Qusayla birləşir. Başqa bir qohuçluq əlaqəsi də anası tərəfindən Peyğəmbərimizin başqa babası Luheylə bağlanır...), qövmün içində misilsiz mövqeyinə, gözəl əxlaqına, əmanətə riayətinə və sözündəki doğruluğuna görə Sənə talib oldum. Əmilərinə de, işi öz üzərlərinə götürsünlər.
Aydın idi ki, bütün bunlar Hz. Xədicənin Allah Rəsuluna heyranlığını səmimi və həssas şəkildə ifadə etməsi idi. Ancaq belə bir vacib məsələdə Rəsulullah böyükləri ilə məsləhətləşmədən qərar vermək istəmirdi... Xədicənin təklifindən dərhal sonra əmisi Əbu Talibin yanına gedir və Nəfisənin sözlərini ona danışır.
Bəli, qardaşı oğlu Muhəmmədul-Əmin, Əbu Talib üçün də çox dəyərli və hər şeydən qiymətli idi. Ancaq Xədicə də adi qadın deyildi. O da o günədək izzətli və şərəfli ömür yaşamışdı. Nəsil-nəcabət baxımından da tanınmış ailəyə mənsub idi. Qardaşı oğlunun da bu məsələyə könlü olduğunu anlamış və “Niyə olmasın ki?” deyə fikirləşib xeyir-duasını vermişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.