Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (III Hissə)

18 Eylül 2014
1 710
0
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (III Hissə)
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (III Hissə)


Artıq illərə istiqamət verən xöşbəxt bərabərliyin vaxtı gəlmişdi və çox keçmədən, Abdulmuttalibin oğlanları (Peyğəmbər Əfəndimizin əmiləri) Əbu Talib, Abbas və Həmzə Xədicənin qapısını döyür. Tərəflərin razılğı olsa da, elçilik-evlilik mərasimləri yerinə yetirilməli və məsələ toy ziyafəti ilə hər kəsə çatdırılmalı idi. Əvvəl Əbu Talib danışmağa başlayır:
- Bizi İbrahim nəslindən və İsmayıl soyundan edən Allaha həmd olsun! Nəsil və soy etibarilə bizi insanların xidmətinə namizəd edən, Evinə xidmət etməklə bizi şərəfləndirən, Harəmə xidmətlə bizi ucaldan, bizim üçün Evini (Kəbəni) insanların üz tutub əmin-amanlıqla nəfəs aldığı bir məkana çevirən və bizi insanlar haqqında hökm verməkdə rəhbər edən, əlbəttə ki, Odur.
Söhbətin başında səslənən belə bir xitab işin ciddiliyini açıq-aşkar göstərirdi. İnsanların rəğbətini qazanmanın şükrü də məhz belə olmalı idi. Ardınca məclisdə bunları söyləyir:
- Qardaşım oğlu Muhəmmədə gəlincə, O, Abdullahın oğlu Muhəmməddir. Kim onunla yarışmağa çalışsa, mütləq Muhəmməd üstün olar. O, malı-mülkü etibarilə elə də imkanlı olmasa da, şərəfi, alicənablığı, şücaəti, cəsarəti, ağlı və fəzlitə ilə hamıdan üstündür. Var-dövlət də itən kölgə kimidir, əmanətdir və əbədi ola bilməz. Ancaq bir məsəl var ki, gələcək etibarilə Onun haqqında gözəl xəbərlər, hamını heyrətə gətirəcək yeniliklər var! O, sizdən qızınız Xədicəni istəyir. Ona mehr kimi də - bir hissəsi nəqd və bir qismini də sonra ödəmək şərtilə on iki UQİYYƏ (dörd yüz səksən dirhəm) və bir NƏŞŞ (iyirmi dirhəm) verir.
Deməli, Peyğəmbərimizin Hz. Xədicə üçün nəzərdə tutduğu mehr beş yüz dirhəmə bərabər idi. Bu günlə müqayisədə bu, 1600 qram gümüş deməkdir. Bəzi rəvəyətlərdə Əbu Talibin bəyan etdiyindən fərqli olaraq mehr kimi Allah Rəsulunun iyirmi dəvə vəd etdiyi bildirilir ki, böyük ehtimalla o da həmin dövrdə beş yüz dirhəm edirdi.
Oğlan tərəfin tələbi müqabilində qız evinin də deyiləsi sözləri var idi. Əbu Talibdən sonra Xədicənin əmisi Amr ibn Əsəd ayağa durur və Xədicənin fəzilətini dilə gətirir, çünki Hz. Xədicənin də atası yox idi: Ficar döyüşlərində ölmüş və Hz. Xədicə də Rəsulullah kimi yetim böyümüşdü. Xədicənin əmisi belə davam edir:
- Sizin də qeyd etdiyiniz məsələlərdə bizi insanlara üstün edən Allaha həmd olsun. Əlbəttə, heç şübhə yoxdur ki, biz ərəblərin böyükləri və rəhbərləriyik. Sizlər də həmçinin... Heç bir ərəb sizin fəzilətinizi inkar edib şərəf və iftixarınızı yox saya bilməz. Sizinlə eyni kökdən gəlməyimizin və müştərək şərəfimizin adına siz də şahid olun ki, mən, ey Qureyş camaatı, Hüveylidin qızı Xədicəni qeyd edilən mehr müqabilində Abdullahın oğlu Muhəmmədə nigahladım.
İşin məsuliyyətini çiyinlərində hiss edən Əbu Talib məclisdəki başqa qohumlarından da eyni iqrarı eşitmək istəyirdi. Bu məqsədlə:
- İstəyirəm ki, bu razılıqla bağlı digər əmilər də söz desin, - söyləyir.
Bundan sonra, orada olan bir əmisi ayağa qalxır və eyni sözləri təkrar edir:
- Ey Qureyş, siz də şahid olun ki, bizlər Abdullahın oğlu Muhəmmədə Hüveylidin qızı Xədicəni nigahladıq.
Ənənəvi elçilik mərasimi qurtarmışdı və artıq iş toy ziyafətinə qalmışdı. Nəhayət, o da təşkil edilir. Qpyunlar, dəvələr kəsilir və toy-düyün üçün məclis qurulur. Beləliklə, 25 il davam edəcək çətin, amma səadət dolu ailə yuvasının təməlləri atılırdı. Digər tərəfdən, o gün ağır günlər yaşayan Əbu Talibin sevincinin həddi-hüdudu yox idi. Bir kənara çəkilmiş, qardaşı oğluna belə bir qapı açan Allaha səmimi hisslərlə şükür edirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.