İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı

24 Kasım 2014
1 502
0
İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı
İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı

İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur: "Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.”
Buna oxşar təbiri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: "Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə "islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi məna qeyd edilmişdir.
İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə, yox idi. O həzrət bu çıxışının axırında dua edir və Allaha xitabən belə deyir: "Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami meyarları xalqa tanıtdırıb göstərməkdir. Yəni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı meyarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır.
"İslah” kəlməsinin iki mənası ola bilər.
Biz gələcək bəhslərimizdə onun hər iki mənasına aydınlıq gətirməyə çalışacağıq.


İslahın mənası

"İslah” kəlməsinin gündəlik siyasi ədəbiyyatımızda çox işlədilən kəlmələrdən biri olduğunu və əziz rəhbərimizin son çıxışlarında bu termini xüsusi şəkildə vurğuladığını nəzərə alaraq, onun üzərində dayanmaq istəyirəm. Əvvəlcə bu kəlmənin leksik mənasını, daha sonra Quranda və rəvayətlərdə istifadə edildiyi nöqtələri açıqlayacağam. Bundan sonra isə, günümüzdə daha çox qarşılaşdığımız mətləbləri izah etməyə çalışacağam.
Ərəb kəlməsi olan "islah” sözünün kökü üç samit hərfdən (s, l, h) təşkil olunmuşdur və əsasən iki məna verir; birincisi, "sülh”, ikincisi isə "səlah”. Bəzi sözdüzəldici şəkilçilər artırmaqla "sülh” kəlməsindən götürülən "islah” sözünün mənası, barışıq, iki nəfər, ya da iki dəstə arasında olan çəkişməni, ixtilafı aradan qaldırmaq mənasını daşıyır. Bu mənada anlaşılan islah kəlməsindən Quranda, kişi ilə qadın arasında barışıq yaratmaq ifadəsi kimi istifadə olunmuşdur. Quranda buyurulur: Bir-biri ilə ixtilafları olan kişi və qadın arasında bir nəfər hakim qadın tərəfindən, bir nəfər də kişi tərəfindən təyin edin. Əgər kişi və qadın həqiqətən barışmaq istəsələr, Allah onların arasında sülh qərar verəcəkdir.
Başqa bir ayədə kişi və qadının barışığı barədə buyurulur: "Barışıq daha yaxşıdır...”
Buna oxşar başqa təbirləri yəqin ki, dəfələrlə eşitmisiniz və Quranda da vardır. Bu həmin "zatul-beyn” arasında olan islahdır. Bu növ islah, mübahisələri olan iki dəstəni barışdırmağa deyilir.
Hədislərdə də bu iş barəsində çoxlu savab zikr edilmişdir. Əgər iki mömin və ya iki dəstəni, ya da bir ailəni bir-biri ilə küsülü görsəniz, onları barışdırmağa çalışın. Bu işin savabı namazın, orucun savabından üstün göstərilmişdir. Münaqişəli tərəflər arasında sülh yaratmaq məsələsi Quranda geniş əhəmiyyət kəsb edir. Ayənin ardı cihad məsələsinə aid olduğundan, hələlik bu barədə bəhs etmək istəmirəm.
Deməli aydın oldu ki, islah kəlməsi sülh anlamında, iki fərd və ya iki dəstə arasında olan münaqişəni barışıq yolu ilə həll etməyə deyilir. "Səlah” sözündən alınan "islah” kəlməsi isə "fəsad» sözünün antonimidir. Yəni, bu sözü fəsad və qanunsuzluq sözünün qarşısında gətirirlər. Adətən bizim dildə bu söz "bəyənilmiş”, "ləyaqətli” kimi tərcümə edilir.
İslah bu anlamda bəyənilən bir iş görüb, fəsadı aradan qaldırmağa deyilir. Belə bir ləyaqətli işi öhdəsinə götürüb eyblərə, naqisliklərə, fəsadlara qarşı mübarizə edən adama "müslih”, fəsad törədib qarışıqlıq yaradan insana isə "müfsid” deyirlər.
"Yer üzünün müfsidi” təbiri də buradan götürülmüşdür. Bu mənada olan islah sözü ilə iki münaqişəli tərəf arasında barışıq mənasında işlədilən islah sözü arasında fərq vardır. Fəsadı aradan qaldırıb ləyaqətli iş görmək istəyən şəxslərin qarşısında xüsusi bir fərd olmur. Deməli, "səlah” maddəsindən olan islah kəlməsinin özü iki məna daşıyır: Biri ləyaqətli, bəyənilən iş görmək, digəri fəsad, möhtəkirlik, cəmiyyətdə hər cür pozğunluq əleyhinə mübarizə aparmaq anlamı. Bu sözün hər iki mənasından Quranda istifadə edilmişdir. Məsələn: "O kəslər ki, tövbə və islah etdilər.” Yəni, əvvəldə etdikləri günahların əvəzində tövbə etdilər. Əvvəldə gördükləri səhv və batil işlərin yerinə əməllərini islah edib, yaxşı işlər gördülər.
Amma islah sözünün ictimai anlamda və həmçinin imam Hüseynin (ə) buyurduqlarında, eləcə də bu günümüzdə, xüsusilə də siyasi ədəbiyyatda, xalq arasında daha çox işlədilən mənası fəsad və qanunsuzluqların islahıdır. Bura qədər "islah” kəlməsinin ərəb lüğəti baxımından, Quranda və dini ədəbiyyatda istifadə edildiyi mənalarını aydınlaşdırdıq.
Amma bu günümüzdə islah kəlməsi yeni bir mənada işlənərək, siyasi istilahda özünə yeni məna kəsb etmişdir. Bu söz yeni məfhumda "reforma” (Reform) sözünün sinonimi kimi başa düşülür və "inqilab” sözünün qarşısında işlədilir.
Cəmiyyətdə baş verən dəyişikliklər bəzən tədrici şəkildə, zəif gedişatla həyata keçirilir ki, bu halda ona "reforma” deyilir. Cəmiyyətdə bu üsulla dəyişiklik aparmaq istəyən şəxsləri "islahatçı” adlandırırlar. Müasir istilahda belələrinə "reformist” (Reformist) deyilir. Bunun müqabilində ölkənin siyasi-ictimai durumunu birdən-birə, partlayış formasında dəyişmək istəyən kəslərə "inqilabçılar” deyirlər. İnqilab, gözlənilməz ictimai-siyasi çevriliş mənasında olub, sürətli və şiddətli halda olması ilə yanaşı, bəzən fiziki güc tətbiq etmək və zor gücündən istifadə etməklə də baş verir.
İslah sözü bu mənasında siyasi istilah kimi inqilab sözünün qarşılığı olub, xüsusi mənada işlədilir. Bu istilahın lüğəti kökü yoxdur və dini termin də sayılmır. Aydındır ki, bu yeni bir istilahdır, Quranda və rəvayətlərdə də həmin söz bu mənada işlədilməmişdir. İmam Hüseynin (ə) kəlamında gətirilən söz də bu mənada deyilməmişdir. Onun apardığı mübarizə də tədrici və sakit olmamışdır. Əziz rəhbərimiz də öz çıxışlarında bu nöqtəyə işarə edərək deyirdi: "Biz islah deyəndə, bu sözün bu günkü siyasi istilahını nəzərdə tutmuruq.” Bu sözü söyləməkdə, nəzərimiz onun hər cür fəsad və qanunsuzluqlara qarşı mübarizə olan mənasıdır. İstər tədrici şəkildə olsun, istərsə də inqilabi şəkildə. Ona görə də buyururdu: "İran İslam İnqilabının özü ən böyük islah idi”. Hərçənd bu günkü siyasi istilahda ona islah demirlər. Demək istəyirdi ki, biz Quran istilahına əsasən islah kəlməsindən bəhs edəndə, nəzərimizdə bu sözün ümumi mənasını nəzərdə tuturuq. Buna görə də İslam İnqilabı böyük islah idi. Çünki cəmiyyətdə bir sıra fəsadların aradan getməsinə səbəb olmuşdu. Baxmayaraq ki, bu iş inqilabi şəkildə baş verdi, amma bu hərəkat on beş il mübarizədən sonra qələbəyə çatdı. Əlbəttə, inqilab qələbə çalan anda ölkənin keçmiş dövlət sistemi bir andaca devrildi və ölkənin dövlət orqanları gözlənilməz şəkildə dəyişikliyə uğradı. Yeni konsititusiya yarandı və yeni amallar əsasında dövlət quruldu.


Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.