Qırmızı don

27 Ağustos 2015
2 157
4
Qırmızı don
Qırmızı don

Günəş səmada buludlar arxasında öz intəhasına varacaqdı. Buludların arasından qopub tökülən qar yer üzünə örpək kimi sərilirdi.
Yerə düşən hər qar dənəsi külək tərəfindən yenidən havaya qalxır, sanki, qar dənəsi yaşam uğrunda mübarizə aparırdı. Eynilə, bu çovğunlu gündə məhəllədə işığı yanan tək evin içində balaca Nərminin ölümlə mübarizəsi kimi.
Bəd bir xəstəlik Rəsulun kiçik ailəsinə dərin kədər bəxş etmişdi. Bütün ömrünü həyat yoldaşı və kiçik qızına həsr etmiş Rəsul, yeganə qızının son anlarını seyr etməsi onun qəlbini parçalayır, gecələr qızını yatırar-yatırmaz həyat yoldaşı ilə birlikdə otaqlarına çəkilib için-için ağlayırdılar.
Həkimlər "dua edin” deyirdi – yəni, "möcüzələrə inanın”.
Onsuz da, Rəsul fəhlə idi, səhər tezdən evdən çıxır, bütün kəndi gəzir, kimin evində qırıq bir şey var idisə, canla başla işini görür və çörəkpulusunu alırdı. Ancaq, o hardan bilərdi ki, qızının əməliyyatına həyatında görmədiyi pula əməliyyat etdirə bilər?! Yoldaşı Səadət isə, qohum-qonşunun evlərini təmizləyir və öz ailəsinə maddi dəstəyini göstərirdi.
Nərminin xəstəliyi baş qaldırdıqdan sonra, artıq nə Rəsul, nə də Səadət işə çıxmırdı. Ancaq, öz dörd yaşlı körpələri ilə oynayırdılar. Bu səbəbdən artıq büdcələri yavaş-yavaş tükənirdi.
Köhnə televizorlarında bir uşaq verilişi gedirdi, Nərmin diqqətlə oradakı uşaqlara baxırdı. Onun yaşlarındda bir qız qırmızı don geyinib mahnı oxuyurdu. Nərmin də elə şənlənir ki, yazıq qızcığaz heç elə bil ki, ölümcül xəstəliyə yaxalanmamışdı. Çiçək günəşin şüaları altında açıldığı kimi Rəsul ilə Səadin də uşağın gülüşünü,mələklərin göydən yerə endirdiyi təbəssümü qızın simasında görəndə qəlbləri açılırdı.
Nərmin işarət barmağını televizordakı qıza tərəf tutaraq dedi: " Mən də o, qırmızı dondan istəyirəm".
Rəsul ilə Səadət bir-birlərinə baxdılar. Hər ikisi bir-birlərinin gözündə əbədiyyətin inikasını gördülər. Rəsul udqunarkən, tüpürcəyi boğazında düyünləndi. Əlini ciblərinin üzərinə vuraraq siqaret qutusunun yerini dəqiqləşdirməyə çalışdı və nəhayətində qutunu tapıb siqaretini kibritlə yandırmağa müvəffəq oldu. Səadət Rəsulu özü ilə digər otağa çəkdi - taxtalar elə qıcırdayırdı ki, elə bil içəridəki abu-havaya evin dörd bir tərəfi kədərlənir və ah-nalə edirdi.
Səadət:
- Evdə cəmi 4 manat var - dedi, uşağın bəlkə də son istəyini yerinə yetirək. - İri göz yaşları şappıldayaraq yerə tökülürdü.
- 4 manata çətin qırmızı don tapa bilim. Əlimizdəki pulu paltara versək, onda da aclıqdan öləcək uşaq. Heç deyilsə, bu pula on gün uşağın da özümüzün də qarnımızı doyurarıq. Mən də istəyirəm, qızıma paltar almaq. - Rəsul siqareti hər dəfə elə dərindən ürəyinə çəkirdi ki, uzun kül parçası dözə bilməyib, yerə dağılırdı. Bu da yəqin, kişilərin göz yaşları olmalı idi.
- Bəlkə, qapı-qapı düşək borc istəyək?
- Qızımız üçün bunu etməliyik. - Rəsul düşünmədən cavab verdi.
Səadət qızının dərmanlarını içirdib, laylay çalıb onu yatızdırdı.
Gecə düşmüşdü, Rəsul ilə Səadət əyinlərini qalın edib, evdən eşiyə çıxdılar. Paltarları nə qədər qalın olsa da, yayda da, qışda da geyindikləri ayaqqabı qarın dondurucu soyuğuna tab gətirə bilmirdi. Ancaq, onların könüllərində munis arzular baş qaldırdığından, qızlarını heç deyilsə son dəfə xoşbəxt edə biləcəyini düşünüb soyuğu unutumuşdular.
Kəndin səssizliyini pozan onların ayaq səslərini eşidən itlər idi. Rəsul Səadətin əlini bərk-bərk sıxır, ayağı sürüşməsin deyə özünə tərəf çəkirdi. Kimin qapısını döyürdülərsə, evlərində tapdıqları tüfəng ilə qarşılanırdılar. Daha sonra gələnlərin Rəsul ilə Səadətin olduğunu görüb, içəri dəvət edirdilər. Bu vaxt çoxlarının qapısı döyülməz, hər kəs yatardı. Yəqin bu səbəbdən, ev sahibləri olmazın hadisə baş verəcəyini düşünüb, əllərinə silah almışdılar.
Kənddə cəmi qırx ev var idi. Kəndin ən kasıbı isə elə Rəsulun ailəsi idi. Mal-qara, böyük torpaq sahələri olan insanların hamısının bir-bir qapısnı döydülər, ancaq heç kimin "nədənsə" evində 30 manat pul yox idi. Hərçənd ki, Rəsul ilə Səadət onların xeyir və şər işlərində həmişə yardımçı rolunu oynamışdılar, indi isə... Heç kəs darda olana əl uzatmaq istəmir və onlara müstəsna xilqət kimi baxırdılar.
Evdən əminliklə çıxmalarına baxmayaraq, indi gecənin bir yarısı onlar boranın çağladığı vaxt, geri dönürdülər. Səadət Rəsulun qoluna girmişdi. Bu ailəni hələ də ayaqda saxlayan bir şey var idisə, bu da məhəbbət idi.
Rəsul isə, qızı sağ ikən o paltarı geyinməsi lazım olduğunu düşünürdü. Bu səbəbdən səhər açılar-açılmaz o, evdəki dörd manatın üzərindən bir manat götürərək, şəhərə doğru yola qoyuldu. Gah traktor belində, gah da Kamaz belində müxtəlif nəqiliyyat vasitələrinə heç bir pul ödəmədən dörd saat sonra artıq o, şəhərə gəlib çatmışdı. Şəhərin mərkəzi küçələrindən birində gözünə uşaq mağazası sataşdı və mağazaya daxil olub, qırmızı dona baxdı - bu don eynilə televiziyada mahnı oxuyan qızın donundan idi. Elə sakit-sakit baxırdı ki, satıcı qadın ona yaxınlaşıb dedi:
- Buyurun, nə istəyirsiniz?
- Şey - dedi, - bu qırmızı don neçiyədi?
- 35 manatadır.
- Bir şey deyəcəm... Məni bağışlayın. Bu paltarı mənə verə bilərsinizmi, mən sizə pulunu sonra işləyib gətirəcəyəm? Qızım çox xəstədir. Arzusunu gerçəkləşdirmək istəyirəm. - bu sözlər Rəsulun dodaqları arasından zorla tökülürdü.
- Siz nə danışırsınız?! Gedin buradan və pulunuz olanda gələrsiniz. - qadın həyasızcasına Rəsulu dükandan qovdu.
Rəsul siqaretini yandırıb gəzə-gəzə öz-özünə danışmağa başladı:
" 35 manat.... 35 manat.... Görəsən mən nə etsəm, axşama kimi 35 manat qazana bilərəm?! Gedib fəhləlik etsəm, mənə cəmi 5 manat verəcəklər, yox 35 manatı tapa bilməyəcəyəm. - siqaretinə baxaraq - sən əclaf papiros, bugünə kimi sənə xərclədiyim pula qızıma dörd-beş don alardım."
Belə olmayacağını düşünərək, qeyri-ixtiyarı dizlərini qarın üstünə qoyub, cibindən çıxardığı dəsmalı qarşısına sərərək dilənməyə başladı. Keçənlər sadəcə baxır, arada da bir-iki nəfər gəlib üzünə baxıb deyirdi: " Sağlam adamsan, məndən güclüsən, get işlə də!" Lakin, Rəsulda evdəki vəziyyəti izah etməsi üçün güc yox idi. Həyatında ilk dəfə Rəsul özünü şərəfini satmış kimi hiss edirdi. Ancaq, hər dəfə deyirdi ki, qızım üçün edirəm və bununla özünə haqq qazandırırdı.
Cəmi iki saat idi ki, soyuq qarın üzərində oturmuş, dərdli-dərdli qarşısına baxırdı, dəsmalın üzərində isə cəmi 40 qəpik pul var idi. Belə dilənməklə 35 manat qazana bilməyəcəyini anlayan Rəsul, yerindən qalxaraq, hər kəsə bir-bir yaxınlaşıb vəziyyətini izah etməyə çalışdı. Kobud kişi simasına sahib olması, insanları ondan uzaqlaşdırırdı. Kimə yaxınlaşırdısa, elə bilirdilər ki, bu adam durduq yerdə dava axtarır. Ancaq, onlar o qədər kor idilər ki, Rəsulun qəlbindəki hisslərin öz simasına, gözlərinin rənginə, bədəninin hər bir hissəsinə yansımasını görmürdülər.
Rəsul çalışır, didişir, vuruşur, ancaq heç kim ona 1 qəpik də vermirdi. Gözündə qara eynək, kostyumla bir kişi gəlib qarşısında dayandı və dedi:
- İş axtarırsan ?
- Hə, xahiş edirəm, nə iş olsa işləyərəm.
- Sadəcə əyləncə işidir, tutduğum adam bugün gələ bilməyəcək, mən də uşaqlara söz vermişəm. Bayaqdan sənə baxıram, görürəm ki, sən bu işə uyğunsan. - o kobud səsi ilə danışırdı.
- Nə etməliyəm? - Rəsul sağ əlini ovucundan sıxaraq soruşdu. Bütün bədəni tir-tir əsirdi.
- Heç nə, sadəcə kostyum geyinib, uşaqları əyləndirəcəksən. Bu işi bacara biləcəksən?
- Hə əlbəttə! Mənim də qızım var - dedi və daha sonra xəyala daldı: "mənim də qızım var". - Yoldan keçən maşının siqnalı Rəsulu oyatdı və dərhal soruşdu: Nə qədər ödəyəcəksiniz?
- 2 saatına 25 manat. - Kişi qiyməti əvvəlcədən fikirləşmişdi.
Rəsul yerə sərələnib kişinin ayaqlarına yapışıb və yalvarmağa başladı. Kostyumlu kişi isə nə baş verdiyini anlamırdı. Rəsul elə hey deyirdi:
- Nə istəsəniz edərəm, təki siz mənə 35 manat verin, lap başqa günlər də gəlib sizə xidmət edəcəyəm, söz verirəm . - Kölgə, doğuşunu işığa borclu olduğu kimi Rəsul bu yad kişiyə həyatı boyu borclu olacaqdı.
Kişi səbəb filan soruşmadan, razı olduğunu söylədi və öz maşınına mindirib, onu bir həyət evinə apardı. Balaca uşaqlar bir yerdən-başqa bir yerə qaçışırdılar. Rəsul isə içəri otağa keçib qozbel paltarını geyindi, üzünə isə kloun makyajı etdi, başına qara rəngli qıvırçıq saxta saç qoydu. Bir an öncə işləyib, pulunu qazanıb, donu almaq istəyirdi. Uşaqlar olan otağa daxil olan Rəsul, bir göz qırpımında uşaqların əhatəsində qaldı. Uşaqlar onun orasını-burasını dartışdırır, bir xeyli gülürdülər. Rəsul səsini çıxarmır, sakit tərzdə uşaqların etiklərinə razı olurdu. Hansısa uşağın ad günü idi, yəqin. Qızların çoxusu qırmızı don geyinmişdi. Bu da Rəsulu daha da kədərləndirirdi. O qızlardan birini, öz qızı kimi xəyal etməyə başlamışdı. Sanki, həqiqətən bu donun içərisində Nərmin var idi, bu səbəbdən də Rəsul uşaqları həqiqətən əyləndirməyə başladı. Uşaqlar Rəsulun belinə minir, ondan at olmasını tələb edirdilər, çox keçmir, inək kimi səslər çıxartmasını istəyirdilər, bəs deyilmiş kimi qoyun kimi mələməsini, it kimi hürməsini istəyirdilər. Rəsul isə artıq mənliyinin qalmadığını bilərəkdən, uşaqların dediklərini edirdi. Sadəcə gözünün qarşısında Nərmin və vitirindəki qırmızı don idi.
İki saat tamam olduğunda kostyumlu kişi gəlib uşaqların içərisindən Rəsulu götürdü. Bu vaxt Rəsul başa düşdü ki, burada böyüklər görüşmüş, uşaqların isə başı qarışsın deyə klouna tapşırmışlar.
Rəsul üzünün makyajını həyəcandan düzəməlli silə bilməmişdi. Kişi əlini cibinə atıb 40 manat verdi, beş manat isə buradan taksiyə minsin deyə. Lakin, Rəsul pulu götürər-götürməz evdən çıxıb qaçmağa başladı. Elə sürətlə qaçırdı ki, sanki bayaq yaşadıqlarının hamısı geridə qaldıqca heç bir zaman xatırlamayacaqdır. Sözün əsl mənasında keçmişindən qaçmaq buna deyirdilər.
Tənginəfəs halda gəlib mağazanın qarşısına çatdı və oraya daxil oldu. Maketin üzərində qırmızı don yox idi. Satıcı səhərki kişini görüb üzünü turşudaraq dedi:
- İndi nə istəyirsən?
- O paltar hanı? Bax! Pulum var! Almaq istəyirəm!
- Vestibülyarda bir xanım qızına geyindirir həmin donu və bu əlimizdəki axırıncı mal idi. - qadın eləbil qəsdən Rəsulu əsəbləşdirmək üçün dedi.
Rəsul isə vestibülyara gedib qapını döydü, bir qadın çıxdı və qarşsıındakının kişi olduğunu, üzündə kloun makyajı olduğunu görər-görməz dik atıldı , gözləri az qala öz həndəvərindən çıxacaqdı. Qadın içəridə qızına paltar geyindirirdi. Rəsul isə ona dedi:
- Xahiş edirəm, icazə verin bu paltarı mən alım.
- Yox olmaz, çünki iki gün sonra qızımın məktəbində şənlik olacaq.
- Xahiş edirəm, başqa paltar alın, mənim qızım çox...çox xəstədir və bəlkə də bu paltar onun son arzusudur. Xahiş edirəm, xahiş edirəm sizdən , xanım, o paltarı mənə verin. - Rəsul elə içdən dedi ki, qadın özünü saxlaya bilməyib üzünü içəri tutub dedi:" Qızım çıxart paltarı, sənə başqa paltar alaq."
Ah, nəhayət, Rəsul paltarı aldığına görə sevincindən buludların fövqünə yüksəldi. Qırmızı donu götürər-götürməz o, yola qoyuldu. Kəndə doğru yola düşərkən, yenə də qarşısına çıxan kənd istiqamətində gedən bütün avtomabillərdən yararlandı. Onun qarşısında qarın bəyazlığına boyanmış əngin fəzaların və bulud yollarının möhtəşəm mənzərəsi canlandı...


***
O kəndə çatdığında gecə yarısı idi. Qapını açan Səadət ərini görər görməz, ona ilk günki məhəbbəti yaşarmış kimi boynuna sarıldı. Bu sarılmada daha çox övladlarının acısı büruzə verirdi. Səadət ərinin gözlərinin içinə baxıb dedi ki, Nərminin hərarəti bugün xeyli yüksək olub. Bu hər ikisini kədərləndirsə də, qızlarının arzusunu gerçəkləşdirəcəkləri üçün ürəklərində məmnunluq hissi var idi. Səadət, paltara bir sərvət ödəndiyini biləndə, heç tükü də tərpənmədi. O öz-özünə deyirdi ki, qızımıza fəda olsun belə şeylər. Lakin, Səadət üçün bir sual həmişə cavabsız qalacaqdı: " Rəsul bu paltarı hansı pulla alıbdır?" Nərmin yatdığından paltarı geyinməsi üçün ertəsi günü gözləməli oldular.
Hər zamanki kimi dan yeri sökülərkən ailə oyandı. Səadət süfrə açdı - şirinçay, pendir və özünün hazırladığı çörək hər səhər yeyilən yemək idi. Nərmin də oyandı və atasının ona aldığı hədiyyəni baş ucunda görərkən, o qədər sevindi ki, qaça-qaça gəlib atasının qucağına atlanıb və onun yanağına kiçik bir busə qondurdu. Yeməkdən sonra Səadət qızını bəzədi, qırmızı donunu geyindirdi.
Rəsul masanın üzərində barmaqları ilə ritm tutur, Nərmin isə yeni donunda evin mərkəzində əllərini havaya açıb fırlanırdı. O fırlandıqca evin dörd bir yanına öz xoşbəxtliyinin tozunu səpirdi. Nərmin heç vaxt belə xoşbəxt olmamışdı. Səadət isə hər şeyi unutmuş, kasıb olmalarına baxmayaraq, ailəsinin kaş həmişə belə xoşbəxt qalmasını arzulamışdı. Ancaq... Ancaq bu arzu deyəsən, çox oldu. Çünki:
Yazıq qızcığaz elə rəqs edərkən, birdən yerə düşdü və al qırmızı donunun içində əbədi gözlərini yumdu. Rəsul və Səadət onun başı hərləndiyi üçün yerə düşdüyünü zənn etsələr də, onun nəfəs almadığını hiss etdikdə, hər ikisinin fəryadı buludların fövqünə yüksəldi. Nərmin elə gözlərini qapamışdı ki, elə bil, bu saniyə uzun kirpikləri bu dəqiqə yenə açılıb yumulacaqdı. Səadət göz yaşlarını qızının yumşaq üzünə axıdır, onu öpüb qoxlayırdı. Rəsul isə siqareti-siqaretin ardına calayır, hələ bu olanlara inana bilmirdi. Onlar özlərini bu günə nə qədər hazırlamışdılarsa da, övlad itirməyin acısının ən alisini yaşayırdılar.
Rəsul və Səadət Nərmini dəfn etdikdən sonra, hər gecə onlar, bu qırmızı dona sarılır, onu öpüb qoxlayıb yatırdılar. Bu ailə bəlkə də sonra xoşbəxt olacaqdı, çünki onların arasında sarsılmaz bir məhəbbət mövcud idi.
Nərmin onların arasında olmasa da, qoxusunu, xoşbəxtliyini, sevinc çığlıqlarını daşıyan qırmızı donu həmişə mövcud olacaqdı...

Nicat Kazımov
Gəncə Xatirələri...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    oxumuwdum daha once tewekkurler
  2. SEHRI
    • SEHRI
    • 27 Ağustos 2015 22:10
    yarısını oxudum həm maraqsız gəldi həmdə ki,səbrim çatmadı.
  3. ayanmemedova
    EMEYI KECENLERE TEWEKKURLER
  4. Lami95
    • Lami95
    • 27 Ağustos 2015 17:35
    sona qeder oxumadim tewekkurler emeye gore
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.